Bu gün saat 02:45 radələrində Qax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Şəhər sakini, 18 yaşlı Kamran Məmmədov sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “Opel” markalı avtomobili maneəyə vurub. Nəticədə avtomobildə sərnişin olan 17 yaşlı Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan digər sərnişinlər – Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub. Belə ki, idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizlik, yol və hava şəraitinin nəzərə alınmaması, eləcə də sürücülük hüququ olmadan avtomobil idarə edilməsinin ağır nəticələrə səbəb ola biləcəyini bir daha diqqətə çatdırıb.
İdarə sürücülük hüququ olmayan şəxslərə avtomobil verilməməsinə və yol hərəkəti qaydalarına ciddi əməl olunmasına çağırıb.
ZÜMRÜD