Abutalıb Səmədov: “...Onların bir hissəsi yenə də yeni partiyaya keçmək istəyənlərdir ki, onları da zərərsizləşdirirlər”
Türkiyıdə CHP bələdiyyə başqanlarına qarşı həbs dalğası davam edir. Maraqlıdır ki, Əkrəm İmamoğlu və Özgür Ozəl öz tərəfdarları ilə hətta100-ə yaxın deputatla, CHP-ni tərk edib yeni partiya qursalar da, Kamal Kılıçdaroğlunun yanında qalmış və rəsmən CHP adlandırəlmaqda davam edən partiyanın bələdiyyələrində həbs əməliyyatları hələ davam edir.
Keçən ilin mart ayının 19-da, Əkrəm İmamoğlunun həbsindən sonra bütün CHP bələdiyyələrinin əksəriyyətində yoxlamalar başladı, xeyli sayda bələdiyyə sədri həbs olundu. Bununla da CHP-nin korrupsiyaçı imicini yaratmağa çalışdılar, eyni zamanda İmamoğlunun həbsindən sonra onu məhkəmə qərarı ilə partiya sədrliyindən uzaqlaşdırdılar və yerinə məhkəmə qərarı ilə Kamal Kılıçdaroğlunu qoydular. Halbuki, 2023-cü ildə partiyanın qurultayında seçkilərdə məğlub olmuşdu və Özgür Özəl sədr seçilmişdi, amma məhkəmə o qərarı ləğv etdi və Kılıçdaroğlunu yenidən partiyanın başına gətirdi. Ona görə də, İmamoğlunun və Özgür Ozəlin tərəfdarları ilə hətta,100-ə yaxın deputatla birlikdə istefa verib CHP-ni tərk etdilər. 135 deputatdan 100-ü istefa verib partiyadan çıxdı və Kılcdaroğlunun məhkəmə yolu ilə sədr təyin olunduğu partiyada təxminən 30-35 deputat qaldı.
Maraqlıdır ki, məhkəmənin sədr seçdiyi Kılıçdaroğlunun CHP partiyasında hələ də o əməliyyatlar davam edir. Bu nə deməkdir? Belə qənaətə gəlmək olarmı ki, Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi bu işlər İmamoğlunun, Özgür Özəlin, ümumiyyətlə yenə də ana müxalifət sayılan bu qüvvənin lazımı qədər zəiflədə bilməməsinin, habelə, Kılıçdaroğlu kartının özünü doğrultmaması nəticəsində Kılıçdaroğlunun partiyasına qarşı bu həbslər hələ də davam edir? Yəni belə qənaətə gəlmək olarmı ki, Türkiyədə müxalifətə qarşı çevrilmiş Kılıçdaroğlu əməliyyatı özünü doğrultmadığına görə indi Kılıçdaroğlunun sədr olduğu partiyanın bələdiyyə başqanlarına qarşı həbs dalğası hələ də davam etdirilir? Belə bir qənaətə gəlmək olarmı?
“Alyans” SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, son bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyası qalib gəldi. A.Səmədovun sözlərinə görə, bu bir daha göstərdi ki, Ədalət və İnkişaf Partiyası nüfuzunu günü-gündən itirməkdədir. “Bundan sonra aydın oldu ki, müxalifətin prezidentliyə əsas namizədi Əkrəm İmamoğludur. Ancaq Ankara Bələdiyyəsinin başqanı Mansur Yavaş da və Cümhuriyyət Xalq Partiyasının sədri seçilən Özgür Özəl də kifayət qədər nüfuza malik siyasətçilər idi və onların da bu prezident seçkilərində iştirak edərək qalib gəlmək şansı var idi. Üstəlik, Rəcəb Tayyib Ərdoğanın seçkilərdə artıq iştirak hüququ qalmamışdı. Əgər seçkilər vaxtında keçirilsə, bu seçkilərdə Ərdoğan iştirak edə bilməz. Və bu reallıqları nəzərə alaraq əvvəlcə Əkrəm İmamoğlu həbs olundu. Baxmayaraq ki, bütün bələdiyyələrdə bu və ya digər hüquq pozuntuları mövcuddur. Çox güman ki, İstanbulda da müəyyən hüquq pozğuntuları olub. Ancaq nədənsə hakim partiyanın bələdiyyələrinə toxunan yoxdur. Əsas hədəf prezident seçkilərində rəqib ola biləcək şəxslər götürüldü və ilk olaraq Əkrəm İmamoğluna, sonra CHP-nin digər bələdiyyə başqanlarına qarşı əməliyyatlar keçirildi və bundan sonra ən böyük əməliyyat partiyaya qarşı keçirildi və Kılıçdaroğlu qanunların pozulması hesabına Cumhuriyyət Xalq Partiyasının başına gətirildi. Bundan sonra yeni partiya yarandı. Özgür Özəl öz tərəfdarlarını Cumhuriyyət Xalq Partiyasından uzaqlaşdıraraq arxasında apardı və artıq Türkiyənin ana müxalifət partiyası yeni partiyadır. Əsas hədəf də yeni partiyadır. Bunu nəzərə alan Mansur Yavaş Cumhuriyyət Xalq Partiyasını tərk etdi, ancaq yeni partiyaya gəlmədi. Görünür, elə bitərəf qalmağa da üstünlük verdi ki, ona qarşı əməliyyat keçirilməsin. Belə bir reallıq mövcuddur. CHP bələdiyyələrinə qarşı keçirilən əməliyyatlar ya “Kılıçdaroğlu mənim əlaltım kimi fəaliyyət göstərmir” görüntüsü yaratmaq, yaxud da onların bir hissəsi yenə də yeni partiyaya keçmək istəyənlərdir ki, onları da zərərsizləşdirirlər. Yəni, aydındır ki, Kılıçdaroğlu ilə Türkiyə hakimiyyəti paralel fəaliyyət göstərir və əsas məqsəd müxalifəti zəiflətməkdir”.
A.Səmədov qeyd etdi ki, ancaq Türkiyədə vəziyyət çox ağırdır və günü-gündən də ağırlaşır. A.Səmədovun fikrincə, ona görə bu seçkilərdə müxalifətin qələbə şansı həddindən artıq çoxdur. “Bu namizəd kim olacaq? Mansur Yavaşmı, Özgür Özəlmi, yaxud tamamilə başqa bir adammı? Fərqi yoxdur. Bütün hallarda müxalifətin qələbə şansı daha yüksəkdir. Üstəlik, qanuna görə Ərdoğan vaxtında keçirilən seçkilərdə iştirak etmək hüququna malik deyil. Bunun da qarşısını almaq üçün ola bilər vatından bir neçə ay əvvəl seçki keçirmək planları var. Ancaq Ərdoğanın səhhətində də kifayət qədər problemlər var. Hətta o seçkilərdə iştirak etsə də, hesab edirəm ki, seçkiləri udmaq şansı çox azdır. Çox təəssüf ki, Türkiyə son illər bir çox məsələlərdə çox geriyə getdi. Söhbət də təkcə iqtisadiyyatdan getmir ki, burada problemlər həddindən artıq çoxdur. Demokratiya sahəsində də çox böyük geriləmə var. İnsan hüquqları sahəsində də daim özümüzə nümunə saydığımız Türkiyə geriləməkdə davam eləyir. Əgər bu seçkiləri də Ədalət və İnkişaf Partiyası udsa, Türkiyədə nə inkişaf, nə də ədalət qalacaq”-deyə A.Səmədov qeyd etdi.
İradə SARIYEVA