Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında Çin və ABŞ-ı dünyanın iki supergücü kimi xarakterizə etməsi Rusiyanın bu siyahıda niyə yer almaması ilə bağlı müzakirələrə səbəb olub. Prezident konkret olaraq “Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur” deyib. Bundan sonra əsas mübahisə Rusiyanın bugünkü beynəlxalq sistemdə hansı statusa malik olması ətrafında yaranıb.
Burada ilk növbədə "super güc" anlayışının nə demək olduğunu dəqiqləşdirmək lazımdır. Super güc təkcə böyük nüvə arsenalına və güclü orduya malik ölkə deyil. İqtisadiyyatın miqyası, texnoloji imkanlar, qlobal maliyyə və ticarət sisteminə təsir, hərbi gücün dünyanın müxtəlif bölgələrinə proyeksiya edilməsi, müttəfiqlər şəbəkəsi və beynəlxalq gündəmi formalaşdırmaq qabiliyyəti də nəzərə alınır. Bu meyarlarla yanaşdıqda Rusiyanın vəziyyəti ABŞ və Çindən ciddi şəkildə fərqlənir. CSIS-in (Center for Strategic and International Studies - Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi) müqayisəli təhlillərində də Rusiyanın iqtisadi və elmi-tədqiqat imkanlarının ABŞ və Çinlə müqayisədə xeyli zəif olduğu, onun strateji çəkisinin əsas dayaqlarından birinin nüvə arsenalı olduğu vurğulanır.
Digər tərəfdən, Rusiyanı sadəcə zəif dövlət kimi təqdim etmək də reallığı tam əks etdirməz. Rusiya dünyanın ən böyük nüvə arsenallarından birinə malikdir, böyük hərbi-sənaye bazası var və enerji, xüsusilə nüvə texnologiyaları sahəsində hələ də ciddi beynəlxalq təsir imkanlarını qoruyur. Məsələn, CSIS-in 2026-cı il araşdırmasına görə, "Rosatom" Rusiyanın beynəlxalq əlaqələrində mühüm alətlərdən biridir və ölkə müxtəlif dövlətlərdə nüvə reaktorlarının tikintisini davam etdirir.
Ona görə məsələni "Rusiya güclüdür, yoxsa zəifdir" sualına endirmək düzgün olmaz. Əsas məsələ Rusiyanın supergüc, yoxsa böyük və nüvə silahına malik güc mərkəzi kimi qiymətləndirilməsidir. ABŞ-ın 2026-cı il müdafiə strategiyası ilə bağlı təhlillərdə də Rusiya ciddi təhlükə və böyük nüvə arsenalına malik dövlət kimi təqdim edilir, lakin Çinin ABŞ-a qarşı uzunmüddətli sistemli rəqib kimi mövqeyi ayrıca vurğulanır.
Prezident İlham Əliyevin Çin və ABŞ-ı dünyanın iki supergücü adlandırması fonunda Rusiyanın bu statusda göstərilməməsi nə dərəcədə əsaslıdır? Bu gün Rusiyanı supergüc hesab etmək üçün hansı əsas göstəricilər mövcuddur və həmin göstəricilər ABŞ və Çinlə müqayisədə nə dərəcədə yetərlidir? Rusiyanın böyük nüvə arsenalı, hərbi potensialı, enerji resursları və geosiyasi təsir imkanları onu avtomatik olaraq supergüc statusunda saxlamağa kifayət edirmi, yoxsa müasir dövrdə supergüc olmaq üçün iqtisadi, texnoloji, maliyyə və qlobal təsir imkanlarının da ABŞ və Çin səviyyəsində olması tələb olunur?
Aydın Quliyev: "Hazırkı reallıqda ABŞ və Çindən başqa üçüncü super gücdən danışmaq çətindir"
"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev Facebook səhifəsində Prezident İlham Əliyevin "iki super güc var – Amerika və Çin, üçüncü yoxdur" fikrini şərh edib. O, Rusiyanın adının çəkilməməsi ilə bağlı iradları əsassız sayır və bildirir ki, Rusiya vaxtilə supergüc olsa da, hazırda bu statusda deyil. Quliyev Rusiyanın beynəlxalq təcridini, sanksiyaları, iqtisadi və siyasi problemlərini bunun əsas göstəriciləri kimi qeyd edir. Onun fikrincə, gələcəkdə Rusiyanın yenidən supergüc statusu qazanması mümkündür, lakin hazırkı reallıqda ABŞ və Çindən başqa üçüncü supergücdən danışmaq çətindir.
Elşad Həsənov: "Super güc beynəlxalq miqyasda geniş təsir imkanlarına və hakim mövqeyə malik dövlətdir"
Politoloq Elşad Həsənov "Bakı-Xəbər" qəzetinə müsahibəsində Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi “iki super güc var – Amerika və Çin, üçüncü yoxdur” fikrinin əsaslı olduğunu bildirib.
Onun sözlərinə görə, super güc beynəlxalq miqyasda geniş təsir imkanlarına və hakim mövqeyə malik dövlətdir: "Bu gün bu termin Rusiyaya tam uyğun gəlmir. Çünki beynəlxalq miqyasda ən böyük təsir imkanlarına malik ölkələr ABŞ və Çindir. Rusiyanın isə bu statusu təsdiqləyən iqtisadi və siyasi göstəriciləri yoxdur".
Politoloq bildirib ki, Rusiyanın iqtisadi göstəriciləri ABŞ və Çinlə müqayisədə ciddi fərq göstərir. Onun sözlərinə görə, ABŞ və Çin qlobal iqtisadiyyatda böyük paya malik olduğu halda, Rusiyanın payı təxminən 2 faiz civarındadır. İqtisadi artım tempində də Rusiya ABŞ və Çindən geri qalır.
Elşad Həsənov qeyd edib ki, Rusiyanın böyük təbii sərvətləri, nüvə potensialı və ayrı-ayrı strateji sahələrdə ciddi imkanları var. Xüsusilə "Rosatom"un müxtəlif ölkələrdə nüvə layihələri həyata keçirməsi Rusiyanın güclü olduğu sahələrdən biridir. Lakin bunlar ölkənin bütövlükdə super güc statusunda olması üçün kifayət etmir.
Politoloqun fikrincə, Rusiyanın Ukrayna müharibəsində qarşıya qoyduğu məqsədlərə nail ola bilməməsi də onun hərbi-siyasi imkanlarının qiymətləndirilməsi baxımından mühüm göstəricidir. O bildirib ki, Rusiya illərdir davam edən müharibəyə baxmayaraq, qarşıya qoyduğu əsas məqsədləri tam reallaşdıra bilməyib.
Elşad Həsənov Rusiyanın enerji sektorunda yaşanan problemləri də ölkənin mövcud vəziyyətini göstərən amillərdən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, dünyanın əsas neft və qaz istehsalçılarından biri olan Rusiyanın yanacaq çatışmazlığı ilə üzləşməsi və xaricdən yanacaq idxal etməsi ölkənin iqtisadi imkanları ilə bağlı ciddi suallar yaradır.
Politoloq hesab edir ki, Rusiyanın nüvə silahına malik olması onun avtomatik olaraq super güc adlandırılması üçün kifayət deyil: "Bəli, Rusiyanın çoxlu nüvə başlıqlı silahları var. Lakin super güc statusu yalnız nüvə silahı ilə müəyyən edilmir. Burada iqtisadiyyat, hərbi potensial, texnologiya, siyasi və beynəlxalq təsir imkanları da əsas rol oynayır".
O qeyd edib ki, Rusiya SSRİ-dən böyük hərbi, nüvə və kosmik potensial miras alıb. Lakin SSRİ-nin dağılmasından sonra Rusiya əvvəlki qlobal mövqeyini qoruyub saxlaya bilməyib.
Elşad Həsənovun fikrincə, Prezident İlham Əliyevin Rusiyanı üçüncü super güc kimi göstərməməsi elmi və statistik göstəricilərlə əsaslandırıla bilən yanaşmadır. O bildirib ki, Rusiyanın super güc olması ilə bağlı fərqli fikirlər səsləndirənlər ölkənin real iqtisadi, hərbi və siyasi göstəricilərinə baxmalıdırlar.
Politoloq əlavə edib ki, super güclərin dünya siyasətində mövqeyi zamanla dəyişə bilər. Tarixdə Böyük Britaniyanın super güc statusunu itirməsi buna nümunədir. Gələcəkdə ABŞ və ya Çinin də mövqeyinin dəyişməsi, yeni super güclərin meydana çıxması mümkündür.
Dəniz NƏSİRLİ