Tural İsmayılov: “Prezidentin bu mövqeyi idarəetmədə məsuliyyətin və səmərəliliyin daha da artırılmasına hesablanıb”
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında bildirib ki, şablon iş üsullarlndan, formalizmdən əl çəkmək lazımdır. "Düzgün ideoloji işin qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır"-deyə Prezident qeyd edib. Prezidentin bu fikirləri necə oxunmalıdır? Ekspetlər qeyd edirlər ki, ölkə başçısının bu fikri siyasi, idarəetmə və ideoloji sistemində köklü dəyişikliklərin və yeni dövrün tələblərinin anonsu kimi oxunmalıdır. Politoloq Tural İsmayılov baki-xeber.com-a şərhində bildirdi ki, Prezident İlham Əliyevin qurultayda şablon iş üsullarından və formalizmdən əl çəkməyin vacibliyini vurğulaması dövlət idarəçiliyinin daim təkmilləşdirilməsi istiqamətində mühüm mesajdır. "Bu fikir Azərbaycanın qarşısında dayanan yeni və daha böyük hədəflərə uyğun olaraq idarəçilikdə çevikliyin, təşəbbüskarlığın və nəticəyönümlü yanaşmanın gücləndirilməsini ifadə edir. Burada söhbət qayda və intizamdan uzaqlaşmaqdan deyil, məhz nəticə verməyən formal yanaşmaların aradan qaldırılmasından gedir. Dövlət idarəçiliyində əsas meyar görülən işin yalnız hesabatlarda əks olunması deyil, onun real nəticə yaratması, vətəndaşın rifahına və dövlətin inkişafına xidmət etməsidir. Prezidentin bu mövqeyi idarəetmədə məsuliyyətin və səmərəliliyin daha da artırılmasına hesablanıb". T.İsmayılov qeyd etdi ki, Azərbaycan son illərdə böyük inkişaf yolu keçib, xüsusilə ərazi bütövlüyünün və suverenliyin tam təmin olunması ölkənin qarşısında yeni mərhələ açıb. "Belə bir mərhələdə əvvəlki yanaşmaları olduğu kimi davam etdirmək kifayət deyil. Yeni reallıqlar daha çevik düşüncə, daha operativ qərarvermə və daha yüksək peşəkarlıq tələb edir. Prezidentin fikirlərində mühüm məqam həm də təşəbbüskarlığa verilən dəyərdir. Dövlət strukturlarında çalışan hər bir şəxs öz fəaliyyət sahəsində məsuliyyətli mövqe ortaya qoymalı, yalnız göstəriş gözləməklə kifayətlənməməli, qarşıya çıxan məsələlərin həllinə real töhfə verməlidir. Bu yanaşma idarəçilik mədəniyyətinin daha da yüksəlməsinə xidmət edir. Formalizmə qarşı çıxış eyni zamanda dövlətin qarşıya qoyduğu məqsədlərin daha keyfiyyətli icrasına çağırışdır. Çünki böyük dövlət hədəfləri yalnız sənədlərlə, toplantılarla və hesabatlarla deyil, konkret nəticələrlə reallaşır. Bu baxımdan Prezidentin mesajı hər bir dövlət qurumunun öz fəaliyyətinə daha tələbkar yanaşmasını və “nə etdik?” sualından əlavə, “nə nəticə əldə etdik?” sualını da əsas götürməsini tələb edir. Məncə, bu yanaşmanın ən mühüm tərəfi ondan ibarətdir ki, Prezident inkişafın yalnız iqtisadi və institusional göstəricilərlə ölçülmədiyini, idarəçilik düşüncəsinin də zamanın tələblərinə uyğun yenilənməli olduğunu ortaya qoyur. Güclü dövlətçilik həm də dəyişən şəraitə vaxtında uyğunlaşmaq, yeni imkanları görmək və mövcud potensialı daha səmərəli şəkildə səfərbər etmək bacarığıdır". T.İsmayılovun fikrincə, ona görə də Prezidentin bu fikirlərini sadəcə iş üsulunun dəyişdirilməsi kimi yox, idarəçilikdə yeni keyfiyyət mərhələsinə çağırış kimi oxumaq lazımdır. İradə SARIYEVA