Rauf Zeyni: “Ermənistan siyasətçilərinin, ekspertlərinin bu barədə hansısa fikir bildirməsinin heç bir əhəmiyyəti yoxdur”
Güclü Ermənistan Partiyasının millət vəkili Aram Vardevanyan Ermənistan sərhədini keçərək saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev ilə bağlı deyib ki, əgər hərbçinin əməlləri cinayət qanunvericiliyinə uyğun olaraq “bir qrup şəxsin həyatına sui-qəsd cəhdi” kimi tövsif olunarsa, bu halda onun barəsində "ömürlük həbs cəzası" ehtimalı hüquqi cəhətdən nəzərdən keçirilə bilər.
A. Vardevanyan brifinqdə iddia edib ki, guya “Azərbaycan vətəndaşı bir qrup insana, o cümlədən bir qadın və uşaqlara qarşı da hücum edib” (?).
“Burada ömürlük həbs cəzası nəzərdən keçirilə bilər, çünki görünür, faciəli nəticələr şəxsin nəzarətindən kənar hallar üzündən baş verməyib”-deyə o iddia edib.
Əli minlərlə azərbaycanlının qanına batan separatçıları “günahsız” adlandırırlar, onlara bağlı verilən ədalətli qərarla razılaşmırlar, amma Ermənistana hansı şəraitdə keçdiyi məlum olmayan, kimisə yaralayıb yaralamadığı, bunu hansı səbəbdən etdiyi dəqiq bilinməyən, aydın olmayan, təsdiqlənməyən bir Azərbaycan əsgərinin ömürlük cəzaya məhkum olunmalı olduğunu deyirlər.
Bu nə qədər düzgün yanaşma olardı ki, günahı məhkəmə tərəfindən sübut olunmayan, sözü dinlənilməyən bir hərbiçi barədə belə bir hökm verilə?
Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni baki-xeber.com-a bildirdi ki, bizə məlum olmayan şəraitdə Ermənistan ərazisində keçən və Ermənistanda saxlanılan Azərbaycan ordusunun əsgəri Nəsim Musayev məsələsi araşdırılmalıdır.
“Ona iki ay həbs qətiimkan tədbiri seçilib.
Bu məsələni həm Ermənistan hüquq mühafizə orqanları araşdırır, həm də yəqin ki, bizim hüquq-mühafizə orqanları araşdırırlar.
Ermənistan siyasətçilərinin, ekspertlərinin bu barədə hansısa fikir bildirməsinin heç bir əhəmiyyəti yoxdur. Dedikləri əsassızdır.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh platforması dövrüdür və bu bütün hallarda öz əksini tapır.
Biz yüzlərlə erməni əsilli hərbiçini və Azərbaycanda cinayət törətmiş digər şəxsləri müxtəlif müraciətlər, şəraitlər nəzərə alınaraq qaytarmışıq.
İndi iki ölkə arasında münasibətlərin normallaşmaya doğru getdiyi, sülh dövrü olduğu halda bir əsgərin təsadüfən hava şəraiti üzündən, yaxud başqa bir səbəbdən Ermənistan tərəfə keçməsini böyüdüb “ona ömürlük cəza verilə bilər” demək düzgün deyil. Bu doğru yanaşma ola bilməz.
Düşünürəm ki, Ermənistan rəhbərliyi də buna ağılla, səbirlə, təmkinlə yanaşacaq və Azərbaycanın müvafiq qurumlarının müraciəti əsasında əsgərimizi təhvil verəcək. Hesab edirəm ki, təhvil verməlidir”.
R.Zeyni qeyd etdi ki, məsələ ermənilərin qələmə verdiyi kimi deyil, burada ömürlük həbs üçün heç bir səbəb yoxdur. Bu baxımdan, R.Zeyni hesab edir ki, Ermənistan tərəf əsgərimizi təhvil verməlidir: “Çünki iki ölkə arasında sülh dövründə vəziyyət belə olmalıdır, tələb bu cürdür.
Tutalım, sabah bir erməni əsgəri də dumanlı hava şəraitdə Azərbaycan sərhəddini keçə bilər. Bu araşdırılar, dəyərləndirilər, qiymət verilər və müvafiq adımlar atılar. Yanaşma bu cür olmalıdır. Qarşılıqlı inamı, qarşılıqlı ehtimadı qoruyub saxlamaqdan ötürü təbii ki, bu cür adım atılmalıdır”-deyə R.Zeyni əlavə etdi.
İradə SARIYEVA