Məhəmməd Əsədullazadə: “Vacib olan həm də odur ki, Azərbaycanın qələbəsi dünya tərəfindən tanındı”
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib ki, sözdə bir şey deyilirdi, amma arxa qapılar arasında başqa şeylər edilirdi:
“2022-ci ilin oktyabrında Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıdı və beləliklə, özü bəlkə də bilməyərək etiraf etdi ki, o vaxt Qarabağda yerləşən erməni silahlı birləşmələri işğalçı qüvvələrdir. Ondan sonra o bölgəni tam nəzarətə götürmək, qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək və tərk-silah etmək üçün artıq hüquqi zəmin daha da möhkəmləndi. Halbuki bu, həmişə var idi. Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. Ancaq biz hamımız onu da bilirik ki, sözdə bir şey deyilir, amma arxa qapılar arasında başqa şeylər edilir”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistan 44 günlük müharibədə uduzaraq kapitulyasiyaya imza atdı: “2022-ci ilin oktyabrında Paşinyan Praqada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıdı. Bütün bunlar Azərbaycana imkan verdi ki, Qarabağda separatçıların silahlı birləşmələrini zərərsizləşdirsin. Azərbaycan tələb edirdi, vaxt verirdi, amma Ermənistan və separatçılar buna əməl etmədi. Belə olan halda Azərbaycan antiterror əməliyyatları keçirməyə məcbur oldu. Vacib olan həm də odur ki, Azərbaycanın qələbəsi dünya tərəfindən tanındı. Düzdür, Qarabağ beynəlxalq müstəvidə əvvəl də Azərbaycanın tərkib hissəsi kimi tanınırdı. Ancaq problem ondadır ki, Minsk qrupunun həmsədrləri Azərbaycanı işğalla barışmağa məcbur etmək istəyirdilər. Bax bağlı qapılar arxasında əsasən bu proseslər gedirdi. Azərbaycan ən çətin situasiyalarda belə buna razı olmadı. Bütün təzyiqlərə dözdü. Baxmayaraq ki, böyük ərazilərimiz işğal altında idi. Azərbaycanın prinsipial mövqeyi, prosesləri nəzarətə götürməsi Ermənistanın və həmsədrlərin planlarını pozdu. Nəticədə proses Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Yəni məlum oldu ki, Azərbaycana münasibətdə dünyada tayı-bərabəri olmayan ikili standartlar göstərilib. Ancaq Azərbaycan zamanla bu ikili standartları fiaskoya uğratdı. Beynəlxalq hüquqa dayanaraq ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bir sözlə, öz gücü hesabına işğalı aradan qaldırdı”.
Vidadi ORDAHALLI