Azərbaycan Milli Elmlər Akademiyasında SOYDAŞ İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanda yaşayan soydaşımız, "Maarif" Təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın "Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Mustafa, əməkdar incəsənət xadimi İsmayıl Ömərov, professor Nəsib Nəsibli, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, dosent Hüseyn Artıkoğlu, əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının rəhbəri dosent Rəna Bayramova və digər natiqlər çıxış edərək müəllifə kitabdakı çox dəyərli məlumatlara, soydaşlarımızın təhsil sahəsindəki problemlərini ətraflı araşdırıb ictimaiyyətə təqdim etdiyi üçün Aygül xanıma təşəkkürlərini bildirdilər.
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin sayında hər il azalma müşahidə olunmaqla yanaşı, ana dilinin tədrisi sahəsində də ciddi problemlər yaşanmışdır. 2006-cı ildə İlia Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına tələbə qəbulu dayandırıldıqdan sonra, Gürcüstanda bu fənn üzrə gənc kadrların hazırlanması işinə tamamilə son qoyulmuşdur. Nəticədə, məktəblərdə ana dili üzrə kadr çatışmazlığı meydana çıxmış, ana dilini tədris edən qeyri-ixtisas fənn müəllimlərinin sayı çoxalmışdır. Ana dili üzrə dərs saatlarının azaldılması, dərsliklərin tərcüməsi zamanı kobud səhvlərə yol verilməsi, qeyri-ixtisas müəllimlərinin sayının artması, eləcə də ana dili üzrə buraxılış (attestat) imtahanının ləğv edilməsi şagirdlərin Azərbaycan dilini mənimsəməsində ciddi çətinliklər yaratmışdır. Kitabda Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dili üzrə bilik səviyyəsinə təsir edən amillər müəllim və şagirdlərin baxışları nəzərə alınmaqla geniş şəkildə tədqiq edilmişdir.
Tədbirin sonunda iştirakçılar müəllifin xüsusi imzası ilə kitab əldə etmək fürsəti qazandılar.