“TRIPP özü dəyişdikcə və Tehranın şərtləri nəzərə alındıqca, İran layihəyə qarşı çıxmaqdan şərti olaraq onu qəbul etmə mövqeyinə keçdi”
İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüşdə Ermənistan-İran siyasi əlaqələri, kommunikasiyaların açılması və enerji sahəsində əməkdaşlıq müzakirə olunub. Mirzoyan TRIPP layihəsinin həyata keçirilməsi barədə məlumat verib.
TRIPP ətrafında gedən müzakirələrdə İranın mövqeyində diqqətçəkən dəyişiklik müşahidə olunur. Tehran əvvəllər “Zəngəzur dəhlizi” adı altında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən və Ermənistanın suverenliyini məhdudlaşdıra biləcək ekstraterritorial bağlantı ideyasına sərt şəkildə qarşı çıxırdı. Lakin hazırda İranın rəsmi ritorikası əvvəlki qəti etirazdan daha çox şərti və praqmatik yanaşmaya çevrilib. İranın Ermənistandakı səfiri Xəlil Şirğolami sentyabrda bildirib ki, hazırda müzakirə olunan TRIPP Azərbaycanın və Türkiyənin əvvəl tələb etdiyi ekstraterritorial “Zəngəzur dəhlizi” modelini əks etdirmir və Ermənistanın suverenliyi ilə ərazi bütövlüyünün qorunması şərti ilə Tehran layihəyə qarşı çıxmaq üçün əsas görmür.
Bu, İranın TRIPP-i tam dəstəkləməsi demək deyil. Tehran üçün iki əsas “qırmızı xətt” qalır: Ermənistanın suverenliyi, ərazi bütövlüyünə xələl gəlməməsi və ABŞ-ın Ermənistan-İran sərhədi yaxınlığında hərbi və ya təhlükəsizlik iştirakının yaranmaması. İran səfiri açıq şəkildə bildirib ki, bu iki şərt təmin olunarsa, layihəyə etiraz üçün səbəb qalmır.
İranın mövqeyindəki yumşalmanın mühüm səbəblərindən biri TRIPP-in artıq əvvəlki “dəhliz” konsepsiyasından fərqli təqdim olunmasıdır. Ermənistan və ABŞ arasında imzalanmış çərçivə sazişində TRIPP-in Ermənistan ərazisində fəaliyyətinin Ermənistanın tam suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası altında qalacağı açıq şəkildə təsbit edilib. Sənədə görə, layihə Azərbaycanla Naxçıvan arasında maneəsiz multimodal bağlantı yaratmaqla yanaşı, regional və beynəlxalq ticarət əlaqələrini genişləndirməlidir.
İkinci mühüm amil isə İranın öz tranzit maraqlarıdır. Burada maraqlı paradoks yaranır: Tehran bir tərəfdən ABŞ-ın iştirakı ilə həyata keçirilən TRIPP-ə təhlükəsizlik prizmasından yanaşır, digər tərəfdən layihənin yaratdığı yeni bağlantıların öz iqtisadi maraqlarına xidmət edə biləcəyini görür. İran səfiri Ermənistanın Şimal-Cənub və digər tranzit imkanlarının inkişafını dəstəklədiklərini, Ermənistanın Fars körfəzi ilə Qara dəniz arasında bağlantı yarada biləcək mühüm tranzit mövqeyinə malik olduğunu vurğulayıb.
Məhz Fars körfəzi–Qara dəniz xətti İran üçün TRIPP-i yalnız geosiyasi risk deyil, həm də iqtisadi imkan kimi təqdim edir. Paşinyan da iyulda bildirib ki, TRIPP-in həyata keçirilməsi İranla Ermənistan arasında ticarət-iqtisadi əlaqələri genişləndirə və Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu bağlantısının yaranmasına imkan verə bilər.
Burada bir mühüm məqamı da dəqiqləşdirmək lazımdır: Fars körfəzi–Qara dəniz dəmir yolu bağlantısı TRIPP-in özünün ayrıca infrastrukturu deyil. Paşinyanın avqust açıqlamasına görə, TRIPP-in regional kommunikasiyaların açılması ilə birlikdə İran, Naxçıvan, Ermənistan və Gürcüstan üzərindən belə bir dəmir yolu bağlantısının yaranmasına imkan verəcəyi gözlənilir.
İranın mövqeyinin dəyişməsini ən aydın şəkildə son ayların açıqlamalarında görmək mümkündür. Apreldə İran səfiri TRIPP barədə “qabaqcadan mövqe tutmaq istəmədiklərini” bildirir, Ermənistanın tranzit potensialının inkişafına və Fars körfəzi ilə Qara dənizin birləşdirilməsinə prinsip etibarilə qarşı olmadıqlarını deyirdi. Bununla yanaşı, təhlükəsizlik məsələlərinin yaratdığı narahatlığı xüsusi qeyd edirdi. İyulda Tehran hələ də layihənin İran üçün yarada biləcəyi risklərin idarə olunmasını tələb edirdi. Sentyabrda isə mövqe daha da konkretləşdi: İran səfiri bildirdi ki, Ermənistanın suverenliyi qorunacaq və ABŞ-ın hərbi-təhlükəsizlik iştirakı olmayacaqsa, Tehran TRIPP-ə etiraz etməyəcək.
Bu mənada, İranın mövqeyindəki dəyişiklik “TRIPP-i qəbul etdi” formasında deyil, “TRIPP-in özü dəyişdikcə və Tehranın şərtləri nəzərə alındıqca, layihəyə qarşı çıxmaqdan şərti olaraq qəbul etməyə keçdi” formasında izah oluna bilər.
İran üçün ən mühüm məsələ həm də tranzit xəritəsindən kənarda qalmamaqdır. Tehran uzun müddətdir Ermənistanı İranı Avropa və Qara dəniz istiqaməti ilə birləşdirən mühüm quru bağlantısı kimi nəzərdən keçirir. Ermənistanın baş naziri ilə İran Prezidenti Məsud Pezeşkianın əvvəlki müzakirələrində də Naxçıvan-Culfa dəmir yolunun açılması və İranın Ermənistan və daha sonra Qara dənizə dəmir yolu çıxışının əldə etməsi məsələsi vurğulanıb. Ermənistan tərəfi bu marşrutların yalnız Ermənistanın yurisdiksiyasında olacağını və təhlükəsizliyin üçüncü ölkə tərəfindən deyil, Ermənistan tərəfindən təmin ediləcəyini bildirib.
İran səfirinin sentyabrda Azərbaycanın da Naxçıvan üzərindən Ermənistan-İran dəmir yolu bağlantısının yaradılması imkanını təmin etməli olduğunu deməsi də bu baxımdan diqqətəlayiqdir. Yəni Tehran artıq yalnız “TRIPP olmasın” mövqeyindən çıxış etmir. Əksinə, yeni regional kommunikasiyaların açılması prosesində İranın da öz tranzit imkanlarını əldə etməsini istəyir.
Paşinyanın qaz və neft kəmərləri, elektrik xətləri və optik kommunikasiya şəbəkələrinin gələcəkdə bu infrastruktura inteqrasiyasından danışması isə məsələni daha da genişləndirir. Belə bir sistem formalaşarsa, TRIPP sadəcə Azərbaycan–Naxçıvan bağlantısı deyil, Cənubi Qafqazın nəqliyyat, enerji və rəqəmsal infrastrukturunun yenidən qurulmasının elementlərindən birinə çevrilə bilər. İran üçün burada həm imkan, həm də risk var. İran bu sistemə qoşularsa, tranzit gəlirləri, enerji və elektrik mübadiləsi, Qara dəniz bazarlarına çıxış baxımından yeni imkanlar əldə edə bilər. Əks halda, regionda yaranan yeni logistika şəbəkəsinin əsas marşrutlarından kənarda qala bilər.
Deməli, İranın TRIPP-ə münasibətində əsas dəyişiklik “qəti etirazdan şərti razılaşmaya” keçiddir. Tehran artıq layihənin qarşısını almaqdan daha çox onun necə həyata keçiriləcəyinə, Ermənistanın suverenliyinin qorunmasına, ABŞ-ın hərbi iştirakının olmamasına və İranın tranzit maraqlarının təmin edilməsinə fokuslanır. Bu isə İranın TRIPP-i öz maraqlarına uyğunlaşdırmağa çalışdığını göstərir. Başqa sözlə, Tehran layihəni tam qəbul etmiş deyil, lakin onu dayandırmaq əvəzinə, layihənin yaratdığı yeni regional reallıqda öz mövqeyini qorumaq və mümkün iqtisadi dividendlər əldə etmək xəttinə keçir.
Akif NƏSİRLİ