ABŞ Dövlət katibi Marko Rubio Rusiyanı İrkutsk vilayətində aşkarlanan infeksiya ilə bağlı ölkələrə daha çox məlumat verməyə çağırıb.
"Biz Rusiyanı şəffaf olmağa və dünyaya daha çox məlumat verməyə çağırırıq ki, hamı lazımi reaksiya verə bilsin" – deyə Rubio jurnalistlərə bildirib.
O, bildirib ki, ABŞ-ın hələlik kifayət qədər məlumatı olmadığı üçün infeksiyanın necə baş verdiyi barədə bu mərhələdə fərziyyə irəli sürməsi səhv olardı.
“Rospotrebnadzor” 4 oktyabrda İrkutsk vilayətində, İrkutsk və Şelexov şəhərlərində sanitar-epidemioloji vəziyyətin sabit olduğunu bildirib. Qurumun mətbuat xidməti bildirib ki, İrkutsk Sibir və Uzaq Şərq Taunla Mübarizə İnstitutunun naməlum etiologiyalı pnevmoniya diaqnozu qoyulmuş əməkdaşının işi ilə əlaqədar xüsusi tədbirlər həyata keçirilib.
İrkutsk Sibir və Uzaq Şərq Taunla Mübarizə İnstitutunun biotəhlükəsizlik qaydalarına riayət olunmasının monitorinq komitəsi patogen mikroorqanizmlərlə bağlı heç bir fövqəladə halın aşkarlanmadığı qənaətinə gəlib. Komitənin nəticələri “Rospotrebnadzor” rəhbəri Anna Popovanın tələbi ilə instituta göndərilən ekspert komissiyası tərəfindən təsdiqlənib.
"Xəstənin peşəkar fəaliyyəti ilə əlaqədar olaraq, məlumat alındıqdan sonra sanitariya qanunvericiliyinə uyğun olaraq dərhal və tam şəkildə hərtərəfli epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Buraya xəstə ilə təmasda olan ən geniş insan dairəsinin müəyyən edilməsi, stasionar tibbi müşahidə və gündəlik laboratoriya müayinələri daxil olub. Nəticədə iki COVID-19 və iki rinovirus infeksiyası halı aşkar edilib, digər yoluxucu xəstəliklər aşkar edilməyib", - “Rospotrebnadzor” bildirib.
Mətbuat xidməti əlavə edib ki, əlaqə saxlayanların heç birində yoluxucu patologiya ilə bağlı sağlamlıq vəziyyətində hər hansı bir dəyişiklik müşahidə edilməyib.
Tahir TAĞIYEV