Fransada günlərdir davam edən orta məktəb etirazları beynəlxalq müzakirə mövzusuna çevrilib. Belə ki, Fransada orta məktəb şagirdləri tərəfindən başladılan və təxminən 800 nəfərin xəsarət alması ilə nəticələnən etirazlar Tehranda da gündəmə gətirilib.
Yüzlərlə insanın yaralandığı və minlərlə insanın məhkəməyə verildiyi etirazlar fonunda İran Fransanın Tehrandakı səfiri Pyer Koçarı Xarici İşlər Nazirliyinə çağırıb.
Koçara Fransanın insan hüquqları ilə bağlı öhdəlikləri xatırladılıb və Fransa xalqının fundamental insan hüquq və azadlıqlarına, xüsusən də dinc toplaşmaq hüququna hörmətlə yanaşmaq tövsiyə edilib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi isə Paris hökumətini etiraz hüququ ilə bağlı "ikili standartlar" tətbiq etməkdə günahlandırıb.
Bekayi, Fransanın İrandakı etirazlara yanaşmasını öz ölkəsindəki tələbə nümayişlərinə verdiyi reaksiya ilə müqayisə edərək, "İnsan hüquqları və etiraz hüququ universal prinsiplərdir" deyib.
İran sözçüsü Fransa hökumətinin İrandakı etirazlarla bağlı ritorikası ilə Fransa təhlükəsizlik qüvvələrinin tələbə nümayişlərinə müdaxiləsi arasında ziddiyyət olduğunu bildirib.
Qeyd edək ki, Fransadakı etirazlarda yüzlərlə nümayişçi yaralanıb, 6 mindən çox insane həbs edilib.
Tahir TAĞIYEV