Fransanın "La France Insoumise" (Boyun Əyməyən Fransa) partiyasını təmsil edən Avropa Parlamentinin üzvü Rima Həsən, Strasburqda 7 oktyabr 2023-cü il tarixində Həmasın hücumu nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş sərgidə baş verən insidentdən sonra qalmaqalın mərkəzində qalıb. "Europe1" tərəfindən işıqlandırılan insident oktyabrın 5-i axşam saatlarında Avropa Parlamenti binasında baş verib. Şahidlərin sözlərinə görə, Həsən sərginin 7 oktyabr hadisələrini birtərəfli şəkildə təqdim etdiyini iddia edərək israilli rəssam Yaron Bob ilə mübahisəyə girib; daha sonra o, İsrail və Avropa İttifaqının bayraqlarını yerə salıb və onların üzərindən keçib. Avropa Parlamentinin vitse-prezidenti Pina Piçierno Həsənin sərgiyə "hörmətsizlik etdiyini" bildirib və onu antisemitizmdə ittiham edib. İnsidentdən sonra sərgi yenidən qaydaya salınıb. Oktyabrın 6-da Avropa Parlamentinin sədri Roberta Metsola parlament rəhbərliyinin məsələyə "son dərəcə ciddi" yanaşdığını bəyan edib. O, müvafiq prosedur addımların atıldığını və Həsənə öz mövqeyini təqdim etmək imkanı veriləcəyini qeyd edib. İsrailin xarici işlər naziri Gideon Saar insidenti "utancverici və qəbuledilməz" adlandırıb. Saar "X" sosial şəbəkəsində yazıb: "İfrat solçu deputat Rima Həsən tərəfindən 7 oktyabr qurbanlarının xatirəsinə həsr olunmuş sərginin təhqir edilməsi, hər şeydən əvvəl, onun özünün fəaliyyət göstərdiyi quruma nə qədər az hörmət bəslədiyini nümayiş etdirir". SAMİRƏ