ABŞ-ın vitse-prezidenti Vens bildirib ki, Tehran Vaşinqtonla razılığa gəlmək üçün uranın zənginləşdirilməsi imkanlarının azaldılması ilə bağlı real addımlar atmalıdır.
Onun sözlərinə görə, Vaşinqton özünü yalnız İranın vədləri ilə məhdudlaşdırmaq niyyətində deyil. O qeyd edib ki, ABŞ konkret hərəkətlərin qarşılıqlı olaraq nümayiş etdirilməsini gözləyir və İranın nüvə proqramını bərpa etməyəcəyinə dair zəmanət istəyir.
"Əgər onlar nüvə silahı hazırlamayacağını göstərmək istəyirlərsə, zənginləşdirmə potensiallarının azaldılması ilə bağlı real addımlar atmalıdırlar" – deyə Vens “Reuters” agentliyinə bildirib.
O, vurğulayıb ki, ABŞ-ın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və bu cür silahların bölgədə yayılmasının qarşısını almaqdır.
Danışıqlara da toxunan vitse-prezident qeyd edib ki, Amerika tərəfi İranın siyasi rəhbərliyi ilə əməkdaşlıq edir. O, həmçinin bildirib ki, Tehran mümkün olan bütün razılaşmaların uzunmüddətli həyata keçirilməsinə sadiq qalmalıdır.
Tahir TAĞIYEV