Ermənistan-Britaniya biznes forumunda çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, "Tramp yolu" ölkəsinin investisiya cəlbediciliyini artırır. Lakin tikinti işlərinə 2027-ci ilin əvvəlindən tez başlaması gözlənilmir və o vaxta qədər İrəvan İranı sərhədinə yaxın ərazidə Amerika layihəsinin təhlükəsizliyinə inandırmalıdır. Paşinyan bildirib: “Ermənistan və bütün regionumuz Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh və sonrakı hadisələrin təsiri ilə transformasiya mərhələsindədir. Hazırda biz hər gün təkcə Ermənistanda deyil, həm də regionun bütün iqtisadi mənzərəsində dəyişikliklərin təməl daşı olacaq "Tramp yolu" layihəsini başlatmaq üçün çalışırıq. Bu, artıq belədir, çünki hazırda Ermənistan ətrafında müəyyən miqdarda investisiya fəaliyyəti müşahidə edirik və bu layihənin öz növbəsində yeni layihələr gətirəcəyi və investisiya cəlbediciliyimizi artıracağı aydındır”.
O, həmçinin bildirib ki, "Tramp yolu" ilə paralel olaraq İrəvan Fars körfəzi ilə Qara dənizi birləşdirən yollar üzərində işləyir və neft və qaz boru kəmərlərinin, eləcə də yeni elektrik xətlərinin çəkilməsini planlaşdırır. Paşinyanın biznes forumundakı çıxışı ərəfəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi, İslam Respublikası parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və prezident Məsud Pezeşkianla danışıqlar aparıb. Erməni diplomat Tehranla münasibətlərin strateji xarakterini vurğulayıb. O, xüsusilə enerji, nəqliyyat və infrastrukturun inkişafı sahələrində əməkdaşlıqda maraqlı idi. Politoloq Sergey Melkonyanın sözlərinə görə, Mirzoyan Tehrana iki vəzifədə - xarici işlər naziri və Ermənistan parlamentində "Tramp yolu" layihəsini müzakirə etmək üçün Ermənistan hökumətinin nümayəndəsi kimi səfər edib. Buna uyğun olaraq, onun marşrutun gələcəyini və son iki ildir hazırlanan strateji tərəfdaşlıq müqaviləsini müzakirə etməsi planlaşdırılırdı. Mirzoyan əlavə edib: "İran və Ermənistanın yol tikintisi, elektrik şəbəkələri və sair də daxil olmaqla bir çox ortaq layihələri var. Hər şey, xüsusən də ABŞ-ın Tehrana qarşı sanksiyalarının sərtləşdirilməsi nəzərə alınmaqla, müzakirə tələb edir". Sergey Melkonyan isə həmçinin xatırladıb ki, İran əvvəllər Zəngəzur dəhlizi də adlanan layihənin həyata keçirilməsinə mane olmuşdu. O hesab edir ki, zərurət yaranarsa, İslam Respublikası da "Tramp yolu"na mane ola bilər. Lakin Tehran layihənin Ermənistanın tam nəzarəti altında qalacağı və amerikalılar onun təhlükəsizliyinin qorunmasında iştirak etməyəcəyi təqdirdə ona qarşı heç bir etirazının olmayacağına zəmanət verib.
Cənubi Qafqaz məsələləri üzrə iranlı ekspert Ehsan Mohavedian bildirib ki, İran Ermənistanın TRIPP layihəsinin ölkənin həyati maraqlarını təhlükə altına atmamasını gözləyir və Tehranın əsas tələbləri arasında layihə üzərində Ermənistanın tam suverenliyinin və nəzarətinin qorunması dayanır. Onun sözlərinə görə, İranın 2 “qırmızı xətti” var: sərhəddə ABŞ-nin hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinin qarşısının alınması, həmçinin TRIPP üzərində Ermənistanın suverenliyinin və tam nəzarətinin qorunması. İranlı analitikin sözlərinə görə, Ermənistan rəhbərliyi Tehrana təminat verib ki, TRIPP boyunca təhlükəsizliyi Ermənistan tərəfi təmin edəcək və hətta özəl ABŞ şirkətlərinə təhlükəsizliyin təmin edilməsinə imkan verilməyəcək: “İran gözləyir ki, yol Ermənistanda qeydiyyatdan keçmiş və Ermənistanın suverenliyi çərçivəsində fəaliyyət göstərəcək ABŞ şirkəti tərəfindən tikiləcək. Bu, layihənin geosiyasi xəritənin dəyişməsinə və ya xarici, yəni Azərbaycan və ya ABŞ-nin nəzarətində olan dəhlizin yaradılmasına gətirib çıxarmamasını təmin edəcək”. Mohavedianın sözlərinə görə, Tehranın digər məqsədi Zəngəzurda Qərbin daimi mövcudluğunun qarşısını almaqdır. Onun fikrincə, İran Ermənistanın cənubunu strateji zona hesab edir və hər hansı razılaşmada istifadə olunan ifadələrdən asılı olmayaraq, TRIPP layihəsinin İran sərhədində Qərbin daimi mövcudluğu üçün dayağa çevrilməsinə imkan verməyəcək: “İran Ermənistandan TRIPP-in tamamilə iqtisadi və mülki infrastruktur təşəbbüsü olaraq qalacağına, tamamilə Ermənistanın yurisdiksiyasında olacağına və İranın şimal sərhədi yaxınlığında ABŞ-nin hərbi və ya strateji təsirinin yayılması üçün “Troya atı” rolunu oynamayacağına dair təminat gözləyir”.
Tahir TAĞIYEV