Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonunun Qaradağ qəsəbəsində yol qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Atego" markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və 1 nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.