Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP layihəsinin həyata keçirilməsi Ermənistanın və bütövlükdə regionun iqtisadi və nəqliyyat mühitində ciddi dəyişikliklərə səbəb ola bilər.
Paşinyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh və bununla bağlı proseslər regionun transformasiyasına şərait yaradır. TRIPP-in praktiki icrasına hazırlıq davam edir və layihənin yeni investisiya layihələrinin yaranmasına, Ermənistanın və regionun investisiya cəlbediciliyinin artmasına təsir göstərəcəyi gözlənilir.
Paşinyan yaxın perspektivdə Türkiyə ilə sərhədin açılmasını, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpasını gözlədiklərini bildirib.
Paşinyanın TRIPP layihəsinin həyata keçirilməsi ilə paralel olaraq Türkiyə ilə sərhədin də yaxın vaxtlarda açılacağını əminliklə bəyan etməsi nəyə əsaslanır? Ankara ilə İrəvan arasında bu istiqamətdə konkret razılaşma əldə olunubmu, yoxsa Ermənistan baş nazirinin açıqlaması siyasi gözləntilərə və regional proseslərə hesablanmış mesajdır?
Arzuxan Əlizadə: “Paşinyanın açıqlamasını, sərhədin açılması ilə bağlı yekun qərarın elanından daha çox, siyasi gözlənti kimi qiymətləndirmək olar”
AMİP lideri, Milli Məclisin deputatı Arzuxan Əlizadə məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Paşinyanın Türkiyə ilə sərhədin yaxın perspektivdə açılacağı ilə bağlı əminliyini ilk növbədə regionda gedən proseslərin yaratdığı yeni siyasi və iqtisadi reallıqlar kontekstində qiymətləndirmək lazımdır.
Onun sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin irəliləməsi, nəqliyyat kommunikasiyalarının bərpası və TRIPP layihəsinin praktiki icrasına hazırlıq Cənubi Qafqazda yeni bağlantı imkanları formalaşdırır. Paşinyanın açıqlamalarından da görünür ki, Ermənistan rəhbərliyi TRIPP-i yalnız Azərbaycan istiqamətində nəqliyyat layihəsi kimi deyil, Türkiyə və daha geniş regionla inteqrasiyanın bir hissəsi kimi təqdim edir.
Lakin Türkiyə ilə sərhədin açılması məsələsində konkret razılaşma ilə siyasi gözləntini bir-birindən fərqləndirmək vacibdir. Sentyabrın 23-də Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin sürətləndirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, sərhədin məhz yaxın vaxtlarda açılması ilə bağlı konkret tarix və ya ayrıca yekun razılaşma ictimaiyyətə açıqlanmayıb.
Buna görə də Paşinyanın bugünkü bəyanatını daha çox Ankara ilə İrəvan arasında davam edən yüksək səviyyəli dialoqa, regional kommunikasiyaların açılması istiqamətində yaranmış yeni şəraitə və Ermənistanın “Sülh kəsişməsi” yanaşmasına əsaslanan siyasi mesaj kimi qiymətləndirmək olar.
Eyni zamanda, TRIPP-in reallaşması ilə Türkiyə-Ermənistan sərhədinin açılması arasında müəyyən iqtisadi və nəqliyyat məntiqi əlaqəsi mövcuddur. Çünki regionda dəmir yolu və avtomobil yollarının bərpası, Şərq-Qərb və Şimal-Cənub bağlantılarının genişlənməsi Türkiyə ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin də aktuallaşmasına səbəb olur.
Amma burada əsas məsələ bütün addımların dövlətlərin suverenliyi, ərazi bütövlüyü və qarşılıqlı razılaşmalar əsasında həyata keçirilməsidir. Ona görə də Paşinyanın açıqlamasını sərhədin açılması ilə bağlı artıq əldə edilmiş yekun qərarın elanından daha çox, Ermənistanın prosesin yaxın perspektivdə reallaşacağına dair siyasi gözləntisinin ifadəsi kimi qəbul etmək daha doğru olar.
Akif NƏSİRLİ