Büdcədənkənar vəsaitlərin istifadəsinə dair yeni qayda müəyyənləşib.
Bununla bağlı Prezident İlham Əliyev “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitləri, bu Fərmanın 1.3-cü bəndi nəzərə alınmaqla, yalnız həmin təşkilatların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq.
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq.
Qeyd edək ki, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:
- vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək;
- mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.