Züriyə Ruslanqızı: “Ukraynanın hər hansı hərbi ittifaqa qoşulmamasına təminat verən neytral statusun müəyyənləşdirilməsi nəzərdə tutulur”
Ukraynanın neytral statusu haqqında qanun layihəsi Ali Radaya təqdim edilib. "Strana.ua" nəşri deputat Anna Skoroxodun Ukraynanın neytral statusu ilə bağlı Ali Radaya qanun layihəsi təqdim etdiyini bildirib. Qeyd olunur ki, sənəd Ukrayna parlamentinin saytında dərc edilib.
Pyotr Poroşenkonun dövründə Ukrayna Konstitusiyasının NATO və Avropa Birliyinə qoşulmaq siyasətindən Skoroxod yalnız AB-yə qoşulmaq istəyini saxlamağı, Şimali Atlantika Alyansının qeydinin çıxarılmasını təklif edir.
Nəşr təklif olunan düzəlişlərə istinad edərək bildirib ki, "Ukraynanın heç bir hərbi ittifaqa daxil olmamaq zəmanəti və heç bir ölkəyə qarşı təcavüz etmək niyyətinin olmamasının təsdiqlənməsindən ibarət neytral statusu təsbit olunur".
Məqalədə vurğulanır ki, Ukraynanın neytral statusu Rusiyanın sülh yolu ilə həllin bir hissəsi kimi tələblərindən biridir.
Qeyd etmək lazımdır ki, ABŞ dövlət katibi Rubio əvvəllər Ukraynanın NATO-ya qoşulmaq planları ilə bağlı açıqlama vermişdi. Donald Tramp Ukraynadakı münaqişənin tezliklə bitəcəyini elan etdi.
NATO üzvlüyü Ukrayna konstitusiyasından çıxarılır?
Politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a bildirdi ki, Ukrayna Ali Radasına ölkənin neytral statusunun Konstitusiyada təsbit edilməsini nəzərdə tutan qanun layihəsinin təqdim edilməsi siyasi baxımdan diqqətçəkən hadisədir. “Deputat Anna Skoroxodun təşəbbüsünə əsasən, Ukraynanın Avropa İttifaqına üzvlük kursunun saxlanılması, NATO-ya tamhüquqlu üzvlük istiqamətinin isə Konstitusiyadan çıxarılması təklif olunur. Eyni zamanda, Ukraynanın hər hansı hərbi ittifaqa qoşulmamasına təminat verən neytral statusun müəyyənləşdirilməsi nəzərdə tutulur. Hazırda söhbət yalnız qanun layihəsindən gedir; yəni Ukraynanın NATO kursu Konstitusiyadan çıxarılmayıb. NATO və Aİ-yə üzvlük istiqaməti 2019-cu ildə Konstitusiyaya daxil edilmişdi.
Bu təşəbbüsün məhz indiki mərhələdə ortaya çıxması Rusiya–Ukrayna müharibəsinin mümkün siyasi həlli ətrafında gedən müzakirələr fonunda xüsusi əhəmiyyət daşıyır. Ukraynanın NATO-ya qoşulmaması Moskvanın uzun müddətdir irəli sürdüyü əsas tələblərdən biridir. Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio da hazırda Ukraynanın NATO üzvlüyünün gündəmdə olmadığını və Vaşinqtonun diqqətinin müharibənin başa çatdırılmasına yönəldiyini bildirib”.
Z.Ruslanqızı qeyd etdi ki, buna görə qanun layihəsinin təqdim edilməsi hələ Kiyevin rəsmi strateji kursunun dəyişməsi demək olmasa da, Ukraynanın gələcək təhlükəsizlik modelinin NATO üzvlüyündən kənar təminatlar əsasında qurulması variantının artıq parlament səviyyəsində müzakirəyə çıxarıldığını göstərir.
İradə SARIYEVA