May ayında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəsmisi Devid Raşın evinə edilən basqının ardından 49 yaşlı Raş fırıldaqçılıq ittihamlarını boynuna alıb.
Prokurorların sözlərinə görə, MKİ-də işləyərkən Devid Raş hökumət vəsaitlərini əldə etmək üçün uydurma gizli proqram yaradıb və sonradan bu proqramdan şəxsi mənfəət üçün istifadə edib. Prokurorlar bildiriblər ki, Raş bu sxem vasitəsilə qanunsuz olaraq 193 milyon dollar əldə edib və bu puldan Floridada qızıl külçələr, Rolex saatları, zərgərlik əşyaları, nəqliyyat vasitələri və lüks daşınmaz əmlak almaq üçün istifadə edib. Keçmiş MKİ rəsmisi həmçinin yüksək məxfi milli müdafiə məlumatlarını "xarici hökumət rəsmisinə" ötürüb. Raş lüks daşınmaz əmlakın alınmasını haqlı çıxarmaq üçün yüksək məxfi proqram uydurub və sonradan bu əmlakları şəxsi mənfəət üçün satmağı planlaşdırıb.
O, həmçinin qızıl külçələrinin alınmasını haqlı çıxarmaq üçün, guya həssas bir hökumət fəaliyyəti uydurub. Məhkəmə sənədlərində prokurorlar qeyd ediblər ki, Raş MKİ-yə qoşulmazdan əvvəl təhsili və peşə təcrübəsi barədə yalan danışıb, o cümlədən əvvəllər ABŞ ordusunda pilot kimi xidmət etdiyi barədə əsassız iddia irəli sürüb.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratklif verdiyi bəyanatda bildirib ki, Devid Raş öz vəzifəsindən sui-istifadə edib və ictimai etimadı sarsıdıb. Raşın yanvarın 28-də məhkəmə qarşısına çıxarılması gözlənilir; Ədliyyə Departamenti isə bildirib ki, o, dələduzluq ittihamları ilə 20 ilə qədər həbs cəzası ala bilər.
Qeyd olunur ki, Raş may ayında dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə həbs edilib. MKİ rəsmisi Devid Raşla bağlı araşdırma isə daxili yoxlama zamanı potensial cinayət əlamətlərinin aşkar edilməsi və qurumun məsələni FTB-yə (Federal Təhqiqat Bürosu) yönləndirməsindən sonra başlayıb. İstintaq çərçivəsində FTB mayın 19-da Raşın Virciniyadakı evində axtarış aparıb və təxminən 46 milyon dollar dəyərində 298 ədəd qızıl külçə, 2 milyon dollardan çox nağd pul, 104 795 avro və çoxsaylı bahalı saatlar müsadirə edib.
SAMİRƏ