Rəşad Bayramov: “Həmin dövrün ayrı-ayrı rəhbərlərinin tutduğu mövqe cəmiyyətin yaddaşında haqlı olaraq ağır iz buraxıb”
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib ki, Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçıb:
“Əslində, Heydər Əliyevdən sonrakı dövrə nəzər saldıqda, - mən 1980-ci illəri nəzərdə tuturam, - hər kəs açıq-aydın görür ki, ondan sonrakı Azərbaycan rəhbərləri öz vəzifə borclarını dərk edə bilməmişdilər, zəiflik, qorxaqlıq, fərarilik göstərmişdilər. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevdən sonra həm sovet dövründə, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçmışdır. Faktiki olaraq müharibə şəraitində olan, yaxud da ki, artıq erməni aqressiyasına düçar olan ölkəni, xalqı başlı-başına buraxıb Bakıdan qaçmışdılar - ikisi Moskvaya, biri Kələkiyə. Dördüncüsü isə, sadəcə olaraq, hələ Ermənistan–Azərbaycan münaqişəsi başlamadan sovet rəhbərliyi tərəfindən vəzifəsindən azad edilmişdir, yəqin ki, buna görə Bakıda qalmışdır. Bax bu, utancverici tarixdir”.
Sözügedən məsələyə aydınlıq gətirən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov bununla bağlı baki-xeber.com-a açıqlamasında bildirdi ki, Prezidentin YAP-ın VIII Qurultayında səsləndirdiyi bu fikirlər Azərbaycan tarixinin ən mürəkkəb və ziddiyyətli mərhələlərinə yenidən nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır: “Əslində dövlət başçısının həmin dövrün rəhbərlərinin fəaliyyətinə verdiyi qiymətdə əsas məqam vəzifə məsuliyyəti, siyasi iradə və ölkənin taleyinə sahib çıxmaq məsələsidir. Bu baxımdan “Bakıdan qaçmaq” ifadəsi təbii ki, təkcə coğrafi mənada deyil, həm də ağır siyasi böhran qarşısında məsuliyyətdən yayınma kimi dəyərləndirilə bilər. Həqiqətən də, 1980-ci illərin sonu – 1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə ağır sınaqlar dövrü idi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağda separatizm meyillərinin güclənməsi, SSRİ rəhbərliyinin məsələyə ədalətsiz və ikili yanaşması, iqtisadi çətinliklər və cəmiyyətdə siyasi qarşıdurmanın dərinləşməsi ölkəni ciddi böhran qarşısında qoymuşdu. Belə bir şəraitdə dövlət rəhbərliyindən tələb olunan əsas keyfiyyət siyasi məsuliyyət, qətiyyət və xalqın yanında olmaq idi. Məhz bu baxımdan həmin dövrün ayrı-ayrı rəhbərlərinin tutduğu mövqe Azərbaycan cəmiyyətinin yaddaşında haqlı olaraq ağır iz buraxıb. Ölkənin faktiki olaraq müharibə və siyasi böhran şəraitində olduğu bir vaxtda rəhbər şəxslərin vəzifələrini tərk etməsi, paytaxtdan uzaqlaşması və dövlət idarəçiliyinin zəifləməsi milli maraqlar baxımından ciddi fəsadlara səbəb oldu. Bu, yalnız ayrı-ayrı şəxslərin siyasi taleyi məsələsi deyildi. Söhbət dövlət institutlarının iflic vəziyyətinə düşməsindən, hakimiyyət boşluğunun yaranmasından və nəticədə ölkənin müdafiə qabiliyyətinin zəifləməsindən gedirdi”.
R. Bayramovun fikrincə, tarixin acı həqiqəti ondan ibarətdir ki, həmin illərdə Azərbaycanda hakimiyyət böhranı ilə hərbi-siyasi böhran bir-birini daha da dərinləşdirirdi: “Mərkəzləşdirilmiş dövlət idarəçiliyinin zəifləməsi, siyasi parçalanma və rəhbərlik daxilində ardıcıl mövqenin olmaması Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınmasını çətinləşdirən amillərdən birinə çevrildi. Sonrakı hadisələr göstərdi ki, dövlətin başında siyasi iradənin və məsuliyyətli idarəçilik modelinin olması milli təhlükəsizlik üçün həyati əhəmiyyət daşıyır. Bu mənada Prezident İlham Əliyevin həmin hadisələri “utancverici tarix” kimi xarakterizə etməsi keçmişi xatırlatmaqla yanaşı, həm də müasir dövlətçilik baxımından nəticə çıxarmaq çağırışıdır. Tarixdə baş verənləri unutmaq olmaz. Əksinə, cəmiyyət acı təcrübələri düzgün qiymətləndirməli, dövlətçiliyin zəifləməsinin hansı nəticələrə gətirib çıxara biləcəyini unutmamalıdır. Acı həqiqət budur ki, ölkənin ən ağır günlərində rəhbərlik məsuliyyətindən yayınmaq dövlət üçün ağır nəticələr doğura bilər. Tarixin əsas dərsi də odur ki, dövlət rəhbərliyi böhran anında ilk növbədə xalqın və dövlətin yanında dayanmalı, məsuliyyəti üzərinə götürməli və milli maraqları şəxsi və siyasi maraqlardan üstün tutmalıdır”.
Vidadi ORDAHALLI