Polşanın Ostrolenka şəhərindəki 4 nömrəli Peşə Məktəbi Kompleksində bıçaqlı insident baş verib.
"Polsat News"un məlumatına görə, azı yeddi nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə çərşənbə günü, oktyabrın 7-də, səhər saat 11:00 radələrində baş verib. İlkin məlumatlara görə, gənc bir kişi bir neçə nəfərə bıçaqla hücum edib. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub. Vəziyyətin idarə olunmasına kömək məqsədilə bələdiyyənin böhran idarəetmə xidmətləri də səfərbər edilib. Yerli KİV-in məlumatına görə, xəsarət alanlar arasında bir müəllimə də var; o, qolundan yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər çimərliyi yaxınlığında həmin məktəbin 19 yaşlı şagirdini saxlayıblar. Onun hərəkətlərinin səbəbi hələlik məlum deyil. Polis hücumla bağlı dəqiq təfərrüatları və hadisələrin gedişatını araşdırır. Ostrolenka şəhərinin meri Pavel Neviadomski bildirib ki, vəziyyət nəzarət altına alınıb və şübhəli şəxs saxlanılıb. 4 nömrəli Peşə Məktəbi Kompleksi bağlanıb. Bundan əlavə, mer şəhər tabeliyində olan digər məktəblərə kənar şəxslərin girişinə məhdudiyyət qoyulması barədə göstəriş verib. SAMİRƏ