Məhərrəm Zülfüqarlı: “Rusiya 2008-ci ildə etdiyini indi Ermənistanda edə bilməyəcək”
“Hazırkı Ermənistan rəhbərliyinin seçdiyi siyasi kurs yaxşı heç nəyə gətirib çıxarmayacaq. Respublikanın başına gələ biləcək ən dəhşətli şey onun ikinci Ukraynaya çevrilməsidir”. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İran İslam Respublikasının Dövlət Televiziya və Radiosuna müsahibəsində bildirib.
“Hazırkı Ermənistan rəhbərliyi inkişaf istiqamətini dəyişməyin doğru olduğuna qərar verib. Əminəm ki, bu da yaxşı heç nəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən dəhşətli şey onun yeni Ukraynaya çevrilməsidir”, – o bildirib.
Medvedev bu zaman nümunə kimi Gürcüstanı göstərib. O, bildirib ki, əvvəlcə Qərb dünyası Gürcüstana NATO-ya üzv olmağı təklif edib və bunun da yaxşı nəticəsi olmayıb.
Medvedevin Ermənistanın ünvanına hədələyici fikirlər səsləndirməsi yeni bir şey deyil. Burada diqqəti çəkən məqam odur ki, Medvedev İranın Dövlət Televiziya və Radiosuna müsahibəsində Ermənistanı hədələyir. Bu, ilk dəfədir. Üstəlik, Ararat Mirzoyan Tehranda səfərdə olan günü bu müsahibə yayılıb. Deməli, Medvedev bununla İranı Ermənistana qarşı birgə hərəkət etməyə çağırdı.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, Rusiya rəsmisinin Ermənistanın indiki rəhbərliyinin yeritdiyi siyasət haqqında dediyi bu fikirlər bir az gülüş doğurur: “Çünki bunlar öz siyasətlərinə, faciələrinə baxıb nəticə çıxarmaq əvəzinə, vəziyyətdən çıxış yolu tapmaq əvəzinə hədələyici mövqedən çıxış edirlər. Uzun illər Rusiyanın girovuna çevrilmiş bir ölkəni girovluqdan çıxarmaq istəyən rəhbərliyə bu cür münasibət bəsləyirlər. Bu, onu göstərir ki, Rusiya rəhbərliyi indiki dövrdə tam iflasa uğrayıb. Beş ilə yaxın gedən müharibədə milyondan artıq insan itirən bir rəhbərlik mənə belə gəlir ki, bir az özünə baxmalıdır, bir az xəcalət çəkməlidir. O cümlədən, başqa dövlətlər haqqına bu cür fikir irəli sürməməlidir. Gürcüstan nümunəsinə gəldikdə isə, bəli 2008-ci ildə Rusiya bu ölkəyə təzyiq göstərdi. O zaman Qərb Gürcüstanı layiqincə müdafiə etmədi. Baxmayaraq ki, Birləşmiş Ştatların 6-cı donanması Qara Dənizə gəldi. Fransanın ovaxtkı prezidenti Nikola Sarkozi gəlib vasitəçilik eləməklə dayandırdı. Ancaq Qərbin dəstəyi bundan uzağa getmədi. İndi isə Rusiya Ukraynada mənasız müharibə aparmaqla tam iflasa uğrayıb. Rusiya 2008-ci ildə etdiyini indi Ermənistanda edə bilməyəcək. Sadəcə olaraq Ermənistan balaca dövlətdir, orada Rusiyanın çoxsaylı 5-ci kalonu var. Rusiya Ermənistanta təxribatlar, terror aktı törədə bilər. Ancaq bununla nəyəsə nail ola bilməyəcəklər. Çünki erməni xalqı Rusiyanın girovu olmaq istəmir. Öz qonşuları ilə normal münasibət qurmaq istəyir və bu da normaldır”.
Vidadi ORDAHALLI