Məzahir Məmmədli: “Əgər bu hüquq tələbənin balı ilə qazanılıbsa, o hüquq vaxtında və düzgün tətbiq edilməli idi”
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. Dövlət İmtahan Mərkəzindən mətbuata verilən məlumata görə, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.
Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 1870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib.
Qeyd edək ki, bu barədə Dövlət İmtahan Mərkəsinin direktorlar şurasının rəhbəri Məleykə Abbaszadə də Facebook hesabında yazıb. O, vurğulayıb ki, ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq.
M.Abbaszadənin bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Ekspertlər qeyd edirlər ki, ödənişli əsaslarla qəbul olan tələbənin sonradan ödənişsizə keçirilməsi suallar doğurur. Yəni bu tələbələr həqiqət də ödənişsiz təhsil ala bilərdilərsə niyə əvvəlcədən bu qaydada qəbul olmayıblar, ödənişliyə düşüblər? Valideyin ödənişli təhsil alan övladları üçün əvvəlcədən ali məktəblərə təhsil haqqı ödəyiblər, o təhsil haqqının taleyi necə olacaq?
Təhsil eksperti Məzahir Məmmədli baki-xeber.com-a bildirib ki, bu DİM-dən növbəti biabırçılıqdır.
“DİM bu barədə açıqlama yayıb: əvvəlcə universitetlərə ödənişli əsaslarla qəbul olunan 1870 tələbə əlavə müsabiqənin nəticəsinə əsasən dövlət hesabına təhsil almaq hüququ qazanıb.
Çox gözəl. Amma burada bir haqlı sual yaranır.
Bu 1870 nəfər niyə ilk müsabiqə zamanı dövlət hesabına yerləşdirilmədi?
DİM-in öz açıqlamasına görə, müəyyən sayda dövlət sifarişli yer boş qalıb. Sonradan həmin boş yerlər üçün ödənişli qəbul olunan tələbələr arasında əlavə müsabiqə keçirilib.
Bəs bu tələbələr həmin vaxta qədər nə edib?!
Universitetə qeydiyyatdan keçib, təhsil haqqı ödəyib, ailəsinin büdcəsindən pul çıxarıb, bəlkə də borca girib.
İndi isə məlum olur ki, onların arasında dövlət hesabına oxumaq hüququ qazanan 1870 nəfər var.
O zaman tam haqlı yeni bir sual yaranır.
DİM-in sistemi niyə bunu vaxtında müəyyən edə bilmədi?
Əgər dövlət sifarişli yerlər boş qalacaqdısa, niyə həmin yerlər ilk müsabiqədə balları uyğun gələn abituriyentlər arasında bölüşdürülmədi?
Əgər sistem bunu ilk mərhələdə texniki və ya təşkilati səbəbdən edə bilmirdisə, bunun məsuliyyəti kimdədir?
Və ən əsası:
Artıq təhsil haqqını ödəmiş həmin tələbələrin pulu necə olacaq?
Vətəndaşdan ödənişi vaxtında tələb etməyi bacaran sistem, vətəndaşın haqqını vaxtında müəyyənləşdirməyi də bacarmalıdır.
Bu, sadəcə 1870 tələbənin məsələsi deyil, bu, qəbul sisteminə və DİM-in qərarlarına olan etimad məsələsidir.
DİM bu suallara açıq və konkret cavab verməlidir:
Niyə bu tələbələr əvvəlcədən dövlət hesabına yerləşdirilmədi? Neçə nəfər artıq təhsil haqqı ödəyib? Ödənilmiş vəsait geri qaytarılacaqmı? Və bu gecikmənin məsuliyyəti kimdədir?
Dövlət hesabına oxumaq hüququ sonradan “hədiyyə” kimi təqdim edilməməlidir.
Əgər bu hüquq tələbənin balı ilə qazanılıbsa, o hüquq vaxtında və düzgün tətbiq edilməli idi.
DİM nəticələri əvvəlcədən də planlayıb edə bilərdi, tələsik qərar verməyə dəymir. Bu bakalavrlarda da, magistlarda da belədir”.
Digər təhsil eksperti Rizvan Fikrətoğlunun məsələyə münasibəti belədir: “Məsələ belə tənzimlənir: ödənişli əsaslarla qəbul olub sonradan dövlət sifarişi ilə əlavə yerləşdirilən tələbənin ödədiyi təhsil haqqı universitet tərəfindən ona geri qaytarılır. Bu, hər il tətbiq olunan mexanizmdir.
Yerləşdirmə prosesinin özünə gəlincə, burada əsas meyar abituriyentin ixtisas seçimində göstərdiyi ardıcıllıqdır. Abituriyent, məsələn, 15 ixtisası hansı ardıcıllıqla seçibsə, yerləşdirmə də həmin seçimə uyğun aparılır. DİM-in qaydalarına görə də abituriyent seçdiyi ixtisasların ardıcıllığını özü müəyyən edir və müsabiqədən keçdiyi ixtisasların ilkində yerləşdirilir.
Əlavə yerləşdirmə zamanı isə əvvəlki mərhələdə tutulmayan və ya qəbul olub qeydiyyatdan keçməyən şəxslər səbəbindən boş qalan dövlət sifarişli yerlər nəzərə alınır. Həmin yerlər üzrə müvafiq ixtisası seçmiş və müsabiqə şərtlərinə cavab verən abituriyentlər arasında bal göstəricilərinə uyğun əlavə yerləşdirmə aparılır.
Burada mühüm məqam odur ki, ilkin yerləşdirmə zamanı DİM hansı abituriyentin sonradan qeydiyyatdan keçməyəcəyini və ya qəbuldan imtina edəcəyini əvvəlcədən bilə bilməz. Buna görə də boşalan dövlət sifarişli yerlər yalnız sonrakı mərhələdə dəqiqləşir və həmin yerlər əsasında əlavə yerləşdirmə aparılır.
Yəni burada söhbət kiminsə dövlət sifarişli yerinin sonradan əlindən alınmasından deyil, qeydiyyatdan keçməyən və ya boş qalan yerlərin yenidən müsabiqəyə çıxarılmasından gedir”.
İradə SARIYEVA