Ukraynanın Kiyev şəhərində “2220 VIDEOCLIP Beynəlxalq musiqi festivalı” keçirilir. Festivalda Azərbaycanı “Uzaqsan” klipi ilə gənc müğənni Əmir Paşayev təmsil edir. 25 yaşlı istedadlı müğənni Əmir Paşayev festivalda 3-cü yerə layiq görülüb.
Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin himayəsi altında keçirilən nüfuzlu festivalın münsiflər heyətinə Eurovision qalibi Eldar Qasımov da daxildir.
Festivalın finalında 16 ölkədən - Kanada, Almaniya, Polşa, Litva, Azərbaycan, Monteneqro, Sloveniya, Xorvatiya, Serbiya, Albaniya, Moldova, Ermənistan, Türkiyə, Qazaxıstan, Filippin və Ukraynadan 5-25 yaşlı 78 gənc müğənni iştirak edib.
Münsiflər heyətinə Azərbaycan təmsilçisindən başqa, Böyük Britaniyadan Oskar və BAFTA mükafatı laureatı Yelena Andreiçeva, Monteneqro TVCG2 əyləncə kanalının baş redaktoru Sabriya Vuliç, Belçikalı dirijor Mark Sierens, Kanadadan virtuoz skripkaçı Vasili Popadyuk, Albaniyadan Junior Eurovision milli seçiminin direktoru Sokol Marsi, Türkiyədən İstanbul Konservatoriyasının professoru Alper Kazançıloğlu və müxtəlif ölkələri təmsil edən digər musiqi mütəxəssisləri daxildir. Münsiflər heyətinin rəhbəri isə Ukraynadan olan məşhur videomeyker Semyon Qorovdur.
Qeyd edək ki, 2021-ci ilin noyabr ayının 17-dən dekabrın 17-dək Ukraynanın paytaxtında, Kiyevin Mərkəzi Mədəniyyət və İstirahət Parkında festivalın 36 Superfinalçısının sərgisi keçirilir. Sərgidə kliplərdən, partnyorlardan və festivalın münsiflər heyətindən kadrlar nümayiş etdirilir.
Ülviyyə GÜLBABAQIZI