Saxta erməniçiliyin muzdlu əlaltılarına çevrilmiş məşhur fransız aktyorlarının çəkildikləri kinolarla nə edək - Alen Delon, Pyer Rişar...

Ramiz Məlik: “Filmləri qoy qadağan olunsun”

img

Fransanın son 30 ildə tutduğu ermənipərəst mövqe, özünü “demokratiyanın beşiyi” adlandıran bu ölkənin sərgilədiyi ədalətsizliklər onun əsl simasını ortaya qoyur. Erməni lobbisinin və erməni terror təşkilatlarının əlində oyuncağa çevrilən Fransada nəinki dövlət başçısı, dövlət rəsmiləri və senatorlar, hətta bəzi sənət adamları da ermənipərəst mövqe sərgiləyirlər.

Bildiyimiz kimi, aralarında məşhur fransız aktyorlarının da olduğu 150 nəfər fransalı məşhur ermənilərə dəstək üçün imza toplayır. Onların arasında çəkildiyi filmlər bizim ekranlardan düşməyən Alen Delon, Pyer Rişar, Jan Reno, Fanni Ardan, Jülyet Binoş, Klod Leluş və başqaları da var. Bu aktyorların öz işləri ilə məşğul olmaq əvəzinə, ermənilərin “qayğısına” qalması, əlbəttə ki, heç kəsə xoş təsir bağışlamır. İşğalçı Ermənistana, separatçı ermənilərə dəstək vermək üçün əldən-ayaqdan gedən bu aktyorların çəkildiyi filmlərin nümayişi Azərbaycanda qadağan edilməlidir. Ümumiyyətlə, onların hər hansı bir filminin nümayişindən imtina etməliyik.

Qeyd edək ki, artıq Azərbaycanın bəzi tanınmış insanları da hesab edirlər ki, bu aktyorların çəkildikləri filmlərin nümayişi dayandırılmalıdır.  

  • “Onsuz da o imzalar quru kağız parçasından başqa bir şey deyil”

Xalq artisti Ramiz Məlik “Bakı-Xəbər”ə bildirdi ki, nəinki fransız filmləri, eləcə də Fransanın bütün məhsullarına qarşı qadağa tətbiq edilməlidir. “Bu, Fransanın dünya ictimaiyyətinə qarşı hikkəsidir, onun anti-Azərbaycan, anti-Türkiyə siyasətidir, bizə qarşı olan xaincəsinə düşmənçilik münasibətidir. Fransız aktyorlarının ermənilərlə bağlı topladıqları imzaya gəlincə, qoyun toplasınlar, onsuz da o imzalar quru kağız parçasından başqa bir şey deyil. Filmləri qoy qadağan olunsun. Bu, dövlət səviyyəsində həll olunmalı olan bir məsələdir. Onların burada malları satılır, firmaları fəaliyyət göstərir. Burunlarından gəlsin, biz onların Yelisey sarayını, Notrdam kilsələrini, Luvr muzeyini təmir etmək üçün milyonlarla pul vermişik. Başqa nə deyə bilərəm?!” - deyə R.Məlik söylədi.   

İradə SARIYEVA

Son xəbərlər