Ayaq üzəngidə, diz qabırğada gündoğandan günbata hökm edən ulu babalarımız tarix yazıblar. Deyirlər ki, əcdadlarımız gündoğana ona görə gediblər ki, günəşin hardan doğduğunu öz gözlərilə görsünlər. Bu bəlkə də bir nağıldı, əfsanədi. Amma hər nədisə, türk oğlunun hünərinin, iradəsinin, əzminin gösrəricisidir.
Əməkdar İncəsənət Xadimi, yazıçı-publisist, alim, tənqidçi, tərcüməçi, ictimai-siyasi xadim, yüksək rütbəli zabit Yasif Nəsirli sonuncu nəşr etdirdiyi kitabına “Gündoğandan günbatana” adını verib. Kitaba bu adın verilməsi qətiyyən təsadüfi deyil. Çünki müəllifin əsərlərinin V cildliyinə daxil olan “Ömür”, “Dünya”, “Zaman”və “Zirvə” kitablarından başlanan yol, xəst-xətt, mövzu ardıcıllığı “Gündoğandan günbatana”kitabında da davam etdirilib.
Gündoğandan günbatanacan yol qət edən, müxtəlif dövlətlərdə səfərlərdə olan və səfərlərdə qazandığı təəssüratları, acılı-şirinli, tufanlı, təlatümlü xatirələri, dünyanı silkələyən, məhvərindən oynadan hadisələri qələmə alan Yasif müəllim oxucuya həm zəngin məlumatlar verib, həm də qarış-qarış gəzdiyi ölkələrin ədəbi-bədii xəritəsini cızıb. Yəni oxucu özünün ayağı dəyməyən o yerləri, oranın inanlarını bu kitabdan tanıyır. Kitabın özəl cəhətlərindən biri də müəllifin şəxsən tanıdığı dünyaşöhrətli insanlardan, onların şan-şöhrəti altında gizlin qalan, çoxlarına məlum olmayan bədbəxtliklərdən söhbət açmasıdır. Yasif müəllimin bu kitabındakı yazılar uydurma və müəllif təxayülünün məhsulu deyil, reallıqla birbaşa bağlı olan hadisələrin yazıya çevirilməsidir.
Kitabın redaktoru Əməkdar Elm Xadimi, professor Qəzənfər Paşayev, ön söz müəllifi isə şair-yazıçı, publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflidir.
“Gündoğandan günbatana” akademik Aslan Aslanovun unudulmaz, həyati misraları ilə başlanır. Heyratamiz deyilmi...
Ömrümün gül çağı, gənclik günlərim, Ömrün yollarında düşüb qaldınız. Yarımçıq qoyduğum toy-düyünlərim- Məni qocalığa yola saldınız.
Əsılində, şairin, yazıçının, ürəyi həyat, yaşamaq ritmilə durmadan döyünən insanların qocalığı olmur. Zahiri qocalıq heç də insanın mənəvi, ruhi yaşlanmasına dəlalət etmir.
Oxucunu “Günəşlə görüş”ə səsləyən, “London, Qarı və iti” ilə tanış edən, “Mən Bakıya tələsirəm”, “Günəş aparmışdıq” deyən, “Parisdə yazılan məqalə”ni oxudan, “İraq Dəftərindən Kərbəla dostluğu” ilə bizi dostlaşdıran, “Böyük Çinlə görüş”ən “Təyyarə havaya uçur və ya Kuba görüntüləri”nə nəfəs verən bir yazıçının qocaldığını necə söyləmək olar.
Y.Nəsirlinin “Gündoğandan günbatana” adı verdiyi və çox maraqlı səfər təssüratlarının,zəngin xatirələrinin yer aldığı yazıları, bu yazılara əlavə şarm verən fotoşəkilləri hər bir oxucunun qarşısında onun özünün görə biləcəyi bir mənzərə açır. Təbii, hər oxucu o mənzərədə öz görmək istədiyini axtarıb tapır. Çünki hər oxucunun burada özünü tapması üçün müəllif kifayət qədər əsaslar verib.
Yeni kitabının nəsr edilməsi münasibətilə dəyərli Yasif müəllimi “Bakı-Xəbər” kollektivi adından ürəkdən təbrik edirik.
Davamı gəlsin!
İradə SARIYEVA