Qulu İsmayılov: “Ümumi anlamda ölkə öz inkişaf tempindən xeyli geri düşüb”
Rusiya prezidenti Vladimir Putin açıq etiraf edir ki, iqtisadi sanksiyalar “ölkəyə ciddi ziyan vurur”. 2014-cü ildə Kreml Krımı ilhaq edəndən sonra qoyulan sanksiyalar Rusiya xarici siyasətinin əsas hədəfinə çevrilib.
Görünən budur ki, Rusiya sanksiyalardan yaxa qurtarmaq üçün hazırda Qərblə müharibə şəraitində yaşayır və əlindən gələn mümkün təzyiqləri edir. Qərb nəşrləri isə yazır ki, Qərbin sanksiyalarının Rusiyanı demoqrafik uçuruma itələdiyini düşünməyə əsas var. Görünən odur ki, son 12 ayın 11-də ötən illə müqayisədə yeni doğulan uşaqların sayında ciddi azalma qeydə alınıb, 10-15 faiz az uşaq dünyaya gəlib.
Ötən il Rusiyada 1 milyon 893 min 237 doğuş qeydə alınıbsa, bu ilin yanvarından avqustunadək həmin rəqəm 1 milyon 131 min 543 olub.
Bunu Qərb mətbuatı iddia edir. Bəs bizim ekspertlər bu barədə nə düşünürlər? Qərbin sanksiyaları Rusiyaya necə təsir edir?
İqtisadçı Qulu İsmayılovun sözlərinə görə, son 3 illik sanksiya müddəti Rusiyanın iqtisadiyyatına mənfi təsir edib: “Bunu Rusiya rəsmilərinin özləri də etiraf edirlər. Real mənzərə bundan ibarətdir ki, iqtisadi sanksiyalar ölkədə yoxsulluq səviyyəsini və iqtisadi qeyri-müəyyənliyi artırır. 2014-cü ildə Ukraynanın Krım vilayətinin ilhaqından sonra ABŞ və Avropa Birliyi Moskvaya sanksiyalar tətbiq etdilər. Dünyada neftin də eyni vaxtda ucuzlaşması 2015-ci ildə Rusiyada ÜDM-i 3,7 faiz azaltdı, ölkədən kapital axınını və büdcə defisitini gücləndirdi, rubl dollara qarşı 50 faizdən çox ucuzlaşdı. İşsizlik kəskin artdı, yoxsulluq içində yaşayan rusiyalıların sayı da kəskin yüksəldi – 2013-cü ildə 15,5 milyon idisə, 2016-cı ildə 19,8 milyona çatdı. Ancaq Rusiya da düşdüyü vəziyyətdən çıxış yolları axtarır. Çox böyük əraziyə və zəngin təbii sərvətlərə malik olan ölkə kimi Rusiya belə ağır təzyiqlərə tab gətirə bilir. Ciddi sanksiyaların tətbiq edildiyi ölkələrin praktikası göstərir ki, ilk bir neçə ildən sonra hətta həmin ölkələrin iqtisadiyyatında irəliləyiş də müşahidə olunur. Təbii ki, bunu yalnız zənginliklə bağlı parametrlərə cavab verən ölkələrə şamil edə bilərik. Rusiyada da bu müşahidə olunmağa başlayır. Ancaq ümumi anlamda ölkə öz inkişaf tempindən xeyli geri düşüb”.
Məhəmmədəli QƏRİBLİ