Ermənistan iqtisadiyyatında geriləmələr davam edir. Geriləmənin miqyasının böyük olduğu rəsmi səviyyədə də etiraf olunur. Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, ölkə iqtisadiyyatının son 12 ildə dövlət borcu 5 dəfəyədək artıb.
Məlum olub ki, Ermənistanın dövlət borcu ötən il ÜDM-in 63,5 faizini təşkil edib. Bu o deməkdir ki, artıq Ermənistanda dövlət borcu təhlükəli fazaya daxil olub. Ermənistanın dövlət borcu xüsusən də ötən il daha sürətlə artaraq, ilin əvvəlindən 6,8 milyard dollardan ilin sonuna 8,1 milyard dollara yüksəlib. Bu müddət ərzində ÜDM-də faizi isə 13,4 faiz qalxıb. Buna, həmçinin, ötən il ÜDM-in 7,6 faiz aşağı düşməsi səbəb olub.
Müqayisə üçün qeyd edək ki, 1 yanvar 2021-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 8 milyard 821 milyon 500 min dollar (14 milyard 996 milyon 500 min manat) və ya ÜDM-in 20,7 faizini təşkil edib.
Bütün bunlar bir daha iki ölkə arasında mövcud olan fərqin miqyasını, bu sahədə Ermənistanda vəziyyətin necə bərbad olmasını ortaya qoyur.
“...xarici borclanma ÜDM-ə nisbətdə 13,4 faiz artıb”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, Ermənistanın bu cür acınacaqlı vəziyyətlə üzləşəcəyi gözlənilən idi: “Əvvəla Azərbaycan iqtisadiyyatı ilə Ermənistan iqtisadiyyatını heç müqayisə etmək mümkün deyil. Ortada nəsə bir dayaq nöqtəsi yoxdur ki, onları müqayisə edək. Məsələ ondadır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tamamilə dayanaqlı bir modelə sahibdir. Ermənistan isə xəritədə formal olaraq mövcuddur. Onların başlıca problemi ondan ibarətdir ki, Ermənistan iqtisadiyyatı dotasiya ilə yaşayır. Əsasən xarici ianələr hesabına ayaqda dururlar. Az-çox ölkə iqtisadiyyatına nəfəs verən sahələr xidmət və turizm sektoru idi. Həmin sahələr də ötən il pandemiya səbəbindən çöküb. Üstəlik, 44 günlük müharibə Ermənistan iqtisadiyyatının belini qırdı. Təsadüfi deyil ki, təkcə ötən il xarici borclanma ÜDM-ə nisbətdə 13,4 faiz artıb. Ermənistan iqtisadiyyatı defoltla üzləşmək üzrədir, tənəzzül dərinləşməkdədir. Rəsmi səviyyədə borclanmanın kəskin artmasının etiraf edilməsi vəziyyətin kritik olmasını göstərir. Ona görə də Ermənistan vəziyyətdən çıxmaq istəyirsə, o zaman Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri qurmalıdır. Yoxsa, üzləşdikləri acınacaqlı durum davam edəcək”.
İqtisadçı-ekspert hesab edir ki, Ermənistanda seçki başa çatdığı üçün bu ölkə öz qərarını verməlidir.
Vidadi ORDAHALLI