“1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib”. Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Ölkə başçısı qeyd edib ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir: “Yəni nəyi deyiriksə, onu da edirik. Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib. İnvestorlar üçün çox cəlbedici şərait yaradılıb. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Biz bunu etməmişik. Çünki bunu etsək, investorları qaçırdacağıq. Yəni bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam, əminəm ki, xarici sərmayədarları bu zonaya cəlb edəcək”.
İmzalanan kontraktların dəyişməməsi ilə bağlı Azərbaycanın yeritdiyi siyasət nə dərəcədə doğru yanaşmadır? Ekspertlər bunun əhəmiyyətini necə dəyərləndirirlər?
“Bu o deməkdir ki, xarici sərmayədarlar arxayın olmalı və qeyri-neft sektoruna sərmayə qoyarkən tərəddüd etməməlidirlər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, investorların etimadını qazanmaq baxımından imzalanan sazişlərə bu cür yanaşmaq çox önəmli faktordur: “Bu, həqiqətən belədir. Azərbaycan dünyada çox az rast gəlinən ölkələrdən biridir ki, imzaladığı müqavilələri hüquqi baxımdan indiyə qədər təftiş etməyə cəhd göstərməyib, buna lüzum görməyib. Bu da investisiya baxımından Azərbaycanın cəlbediciliyini artırır. Söhbət ondan gedir ki, neft-qaz sənayesində bu baxımdan ciddi nəticələr əldə olunub. Bu faktı Prezident İlham Əliyev misal çəkməklə qeyd edir ki, bənzər yanaşma davam edəcək. Yəni neft kontraktları imzalanandan sonra Azərbaycan necə siyasət yeridibsə, qeyri-neft sektoru sahəsində imzalanan müqavilələrdə də o cür olacaq. O zaman buna necə əməl etmişiksə, bundan sonra da belə olacaq. Ölkənin qeyri-neft sektoruna yatırım etmək istəyən şirkətlərə mesaj veririk ki, bizim imzamız bizim sözümüzdür. Bu o deməkdir ki, xarici investorlar arxayın olmalı və qeyri-neft sektoruna sərmayə qoyarkən tərəddüd etməməlidirlər”.
Ekspert hesab edir ki, sözügedən siyasətin davam etdirilməsi xarici investorları qeyri-neft sektoruna sərmayə qoymağa təşviq edəcək.
Vidadi ORDAHALLI