“İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir”.
Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin iqtisadi məsələlər üzrə işçi qrupunun keçirilən növbəti iclasında bildirilib.
Qeyd olunub ki, hazırkı dövrə qədər 600-dən artıq müraciət daxil olub. Bildirilib ki, investisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.
Maraqlıdır, işğaldan azad olunmuş ərazilərə investisiya yatırmaq üçün hansı sahibkarlar buraxılacaq? İnvestisiya layihələri hansı kriteriyalar üzrə seçiləcək?
“Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, regionda idarəçiliyi və bərpa işlərini həyata keçirən qurumlar bütün detalları nəzərə alacaqlar”
İqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, regionun gələcək inkişafı üçün məqsədəuyğun layihələr həyata keçiriləcək: “Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, regionda idarəçiliyi və bərpa işlərini həyata keçirən qurumlar bütün detalları nəzərə alacaqlar. Əsas məsələ işğaldan azad edilmiş ərazilərə sahibkarların investisiya qoymaqda maraqlı olmalarıdır. Regionda yenidənqurma və bərpa işlərində tək hökumət qurumları deyil, sahibkarlar da maraqlı olsunlar. Onlar da azad olunmuş rayonların bərpasına kapital ayırsınlar. Bu, işğaldan azad edilmiş ərazinin daha tez bərpa olunmasına səbəb olacaq”.
Günel CƏLİLOVA