Ölkədə sahibkarlığın inkişafı, onun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olan cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliyinin daha da artırılması, mütərəqqi tənzimləmə və hüquqi bazanın olması ən vacib məsələlərdir.
Qeyd etdiyimiz kimi, sahibkarlığın inkişafı ölkənin əsas diqqət ayırdığı sahələrdən biridir. Sahibkarlığın inkişafına səbəb olan əsas amillərdən biri də investisiya mühitinin inkişaf etməsidir. Araşdırmalara görə, yerli və xarici investorlar ən çox paytaxt Bakıya investisiya yatırmaqda maraqlıdırlar. Paytaxtla müqayisədə bölgələrə investisiya elə çox yatırılmır. Məlumatlara görə, icra hakimiyyətləri rayonlara investisiya yatırılmasında elə də maraqlı deyillər. Halbuki, ölkə başçısı İlham Əliyev bir neçə il öncə Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən bildirmişdi ki, icra başçıları da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdı, şəhər və rayonlara investisiyalar cəlb etməlidirlər ki, yerli istehsal artsın, işsizlik daim aşağı səviyyədə olsun.
Qeyd edək ki, Azərbaycana investisiyaların cəlb edilməsində əsas rolu mərkəzi icra hakimiyyəti orqanları oynayır. Yerli icra hakimiyyəti orqanları bu prosesdə yalnız mərkəzi icra hakimiyyətinin tapşırıqlarının icrası ilə öz funksiyalarını bitmiş hesab edirlər. Yeni təyin edilən icra başçılarını qəbul edən zaman məhz bu məqama diqqət çəkən Prezident İlham Əliyev qeyd etdi ki, icra hakimiyyəti başçıları çalışmalıdırlar ki, regionlara sərmayə qoyulsun və bunun üçün səy göstərilməlidirlər.
Nəzərə almaq lazımdır ki, Azərbaycan regionlarına investisiyaların cəlb edilməsi potensialı isə kifayət qədər yüksəkdir.
Maraqlıdır, bölgələr investisiya cəlb olunması prosesində niyə maraqlı deyillər?
İqtisadçı Kamran Məmmədli qeyd etdi ki, hər bir rayonda şərait fərqlidir: “Rayonlara fərdi yanaşmaq lazımdır. Rayonlara xarici investorlar cəlb olunmalıdırlar. Bu istiqamətdə müəyyən işlər görülür. Rayonlara investisiya yatırılması üçün bölgələrdə müxtəlif sərgilər keçirilməli, əcnəbi sahibkarlar rayonlara dəvət olunmalıdırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Prezident dəfələrlə çıxışı zamanı qeyd edib ki, hər bir işin paytaxt tərəfindən icra olunmasını gözləmək bugünkü çağırışlara cavab vermir. Ümumiyyətlə, hər regionun icra başçısı maraqlı olmalıdır ki, orada sahibkarlıq fəaliyyəti inkişaf etsin. İcra başçıları bununla bağlı əhali arasında müəyyən çağırışlar etməli, onlar arasında təbliğat işi aparmalıdırlar: “İcra başçıları bilməlidirlər ki, regionlara investisiyaların cəlb olunması, müvafiq biznes fəaliyyətinin təşkil edilməsi, eyni zamanda, yeni iş yerlərinin açılması, gəlir gətirən sahələrin yaradılması kimi işlərin Bakıda həll olunacağını gözləmək düzgün deyil. İcra başçılarından tutmuş, bələdiyyələrə qədər regionlara investisiyaların cəlb edilməsində maraqlı olmalıdırlar”.
Günel CƏLİLOVA