İyunun 30-da keçirilən Tarif (qiymət) Şurasının iclasında Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılması ilə bağlı müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib, tariflərdə dəyişiklik baş verib.
1 iyul 2021-ci il tarixindən qüvvəyə minəcək qərara əsasən, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanıb.
Qeyd edək ki, tarif dəyişikliyinin aparılmasını zəruri edən səbəblər onunla əsaslandırılır ki, ötən müddət ərzində ölkədə təbii qazın istehlakı artıb. Həmçinin, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı 18 faizə yaxın yüksəlib. Belə olan halda, dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 2020-ci ildə 160 manat təşkil edib.
Ekspertlərin bildirdiyinə görə, tariflərin dəyişdirilməsi zamanı əhalinin həssas təbəqəsi, sənaye və kənd təsərrüfatı sahələri kimi mühüm sahələr nəzərə alınıb. Bu qərar əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərməyəcək.
Onu da nəzərə almaq lazımdır ki, əhalinin gəlirlərinin artdığı bir zamanda qazın yeni tarifləri əhalinin alıcılıq qabiliyyətinə hər hansı bir təsir göstərməyəcək. Bir sözlə, tarif dəyişikliyi əhalinin social-iqtisadi həyatına mənfi təsir etməyəcək. Düzdür, bəzi şəxslər bunun əksini iddia edirlər. Ancaq nəzərə almaq lazımdır ki, tariflər dəyişdirilərkən əhalinin həssas təbəqəsi, xüsusilə də sənaye və kənd təsərrüfatı sahələri də nəzərə alınıb. Bu nüanslar əhalinin yaşayış tərzinə hər hansı bir təsir etməyəcək.
Ekspertlər onu da bildirirlər ki, tarif dəyişikliyi nəticəsində büdcədə sərbəstləşən vəsaitlərin sosialyönümlü tədbirlərə yönəldilməsi təmin olunacaq.
Günel CƏLİLOVA