“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin yaxınlığını əks etdirir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Böyük Britaniyanın Avropa və Amerika işləri üzrə naziri Alan Dunkan deyib.
O qeyd edib ki, bu sazişin imzalanması həm Azərbaycan, həm də Böyük Britaniya üçün yaxşı xəbərdir: “Bu, nəhəng müqavilədir və Azərbaycan iqtisadiyyatına fantastik töhfə verəcək. Əvvəl “Əsrin müqaviləsi” var idisə, indi “Yeni əsrin müqaviləsi” var. Mən fəxr edirəm ki, BP və SOCAR bu sazişi imzalayıblar”.
“Hər bir dövlətin suverenliyinə hörmət edilməli və qonşu ölkələr tərəfindən pozulmamalıdır”. Bunu da Böyük Britaniyanın Avropa və Amerika işləri üzrə naziri Alan Dunkan deyib.
O həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq terrorçuluqla mübarizə məsələlərində dəqiq mövqeyə malikdir və bu sahədə regional liderdir.
A.Dunkan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə də danışıb. “Görüş çox yaxşı keçdi. Mən Azərbaycan Prezidenti İlham Əliyevə Böyük Britaniya ilə yaxın müttəfiqlik əlaqələri yaratdığına görə təşəkkür etdim. Müsbət fakt odur ki, biz kommersiya sahəsində sıx çalışırıq, amma eyni zamanda siyasi dostluğumuz və digər sahələrdə yaxın əlaqələrimiz var. Mən Azərbaycan Prezidentinə baş nazirimiz Tereza Meyin təbrik məktubunu çatdırdım. Məktubda o, İlham Əliyevi yaxın zamanlarda Böyük Britaniyaya səfərə dəvət edib”.