Dağlıq Qarabağdakı qondarma rejimin mətbuat xidməti ölkədə panika yarada biləcək açıqlama ilə çıxış edib.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, qurumun açıqlamasında Azərbaycan tərəfinin qoşunların təmas xəttinə qoşun yığması barədə dezinformasiyanın yer alması ölkədə əsl həyəcana səbəb olub. Belə ki, xəbərdə bildirilir ki, Azərbaycan tərəfində bir hərəkətlilik müşahidə olunur və bütün cəbhə boyu əlavə qüvvələrin yerləşdirildiyi xəbər verilir. Bu isə erməni tərəfində hər an müharibənin başlaya biləcəyilə bağlı qənaət yaradıb.
Bütün bunlar isə qarşı tərəfdə tam fərqli proseslərin getdiyindən xəbər verir. Belə ki, 4 günlük müharibənin ardından atəşkəs qərarı verilməsini böyük məyusluqla qarşılayan Azərbaycan ictimaiyyətindən fərqli olaraq, erməni tərəfinin hərb variantından çəkindiyi ortadadır. Bunun bir səbəbi onların güc nisbətinin özlərinin xeyrinə olmadığının fərqində olmalarıdırsa, digər faktor artıq bu cəmiyyətdə işğal faktının dərk olunması və bu vəziyyətin bundan sonra belə davam etməsinin mümkünsüzlüyünün qəbul edilməsidir. Təsadüfi deyil ki, elə bu günlərdə Ermənistan parlamentinin spikeri (!) Ermine Naqdalyan açıq mətnlə Qarabağın olların olmadığı və güc-tez işğal etdikləri torpaqları qaytarmalı olduqları barədə açıqlama verdi. Onun səs-küylə qarşılanan bu açıqlaması isə sonuncu olmadı və düşmən ölkədə hazırda bu həqiqət – Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu ən müxtəlif səviyyələrdə və ən müxtəlif auditoriyalarda səslənməkdədir. Belə fikirlərin hökm sürdüyü cəmiyyətdə isə qələbədən danışmaq quru pafosdan o tərəfə keçməyən boşboğazlıqdan başqa bir şey deyil və erməni tərəfi artıq bunun fərqindədir.