İran prezidenti Həsən Ruhani Xəzər dənizi ilə Fars körfəzini birləşdirəcək kanal tikintisinə qərar verib. Baki-xeberin məlumatına görə, bu barədə Türkiyənin "Taraf” qəzeti xəbər verib.
Xəbərə görə, şərti adı "İranın Süveyş kanalı” olan layihənin tikintisinə yaxın zamanlarda başlanacaq. 2030-cu ildə başa çatması planlaşdırılan layihənin dəyəri 7 milyard dollar təşkil edir. Bildirilir ki, həmin kanalla digər Xəzəryanı ölkələr – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya da neft və qazının nəqlini həyata keçirə bilər ki, bu da ümumən bu ölkələrin iqtisadiyyatında yüksəlişə səbəb olacaq.
Qəzet yazır ki, indiyə kimi yalnız çay gəmiləri Qara dənizdən Xəzərə keçə bilirdi, yeni marşrut isə daha iri gəmilərin regiona yolunu açır ki, bu da Avropa ilə daha effektiv əlaqəni təmin edəcək.
Xəbərdə ona da diqqət çəkilir ki, yeni layihənin reallaşması ilə Rusiyahərbi gəmilərini Avropaya çıxarmaq üçün daha rahat marşrut əldə edir. Belə ki, Türkiyə boğazlarından istifadə etmədən hazırda Fars körfəzində sərbəst fəaliyyət göstərən Amerika donanması ilə rəqabət aparmaq şansı qazanır.
Lakin qəzet onu da bildirir ki, sözügedən layihə reallaşarsa, Bosfor və Dardanel boğazlarının hərbi-iqtisadi əhəmiyyəti azalacaq və hazırda gündəmdə olan, Qara dənizlə Mərmərə dənizini birləşdirəcək "İstanbul” kanalının tikintisini gündəmdən çıxaracaq.