ABŞ HHQ-nin Boeing RC-135 kəşfiyyatçı təyyatəsi Baltik dənizi üzərindən uçarkən Rusiya qırıcısı Sу-27 tərəfindən önü kəsilib. Baki-xeber.com vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Xəbərə görə, insident 14 aprel tarixində yaşanıb və Rusiya qırıcısı RC-135-ə 15 metrlik məsafəyə qədər yaxınlaşıb. Telekompaniyanın ABŞ-ın Avropadakı silahlı qüvvələrinin nümayəndəsi Denni Ernandesdən gətirdiyi iqtibasda bildirilir ki, Amerika təyyarəsi neytral sular üzərində uçurmuş və Rusiyanın hava məkanına daxil olmayıb. Ernandes onu da deyib ki, Vaşınqton artıq diplomatik kanallarla Moskvaya etiraz bildirərək, belə hərəkətlərin ölkələr arasında "gərəksiz eskalasiyaya və gərginliyə səbəb olduğunu” onun diqqətinə çatdırıb.
Xatırladaq ki, bu günlərdə Baltik dənizində sözügedən iki ölkə arasında oxşar insident yaşanmışdı. Verilən xəbərə görə, Rusiyanın bombardmançı Su-24 təyyarəsi ABŞ-ın "Donald Cook” esminesi üzərində dövrə vurmaqla əsəbləri tarıma çəkmişdi. O zaman ABŞ dövlət katibi Con Kerri məsələyə reaksiya verərəkRusiyanın bu hərəkətini kəskin qınamışdı. Öz növbəsində Rusiya Müdafiə Nazirliyinin rəsmisi isə bildirmişdi ki, həmin gün hərbi hava qüvvələrində təlim keçilib və esminesin yerləşdiyi rayon da təlim üçün nəzərdə tutulduğundan, məsələnin şişirdilməsinə ehtiyac görmür.