Suriya münaqişəsinin çözümü ilə bağlı danışıq aparan tərəflər ölkənin federallaşdırılması imkanlarını müzakirəyə çıxarıb. Baki-xeber.com-un xəbərinə görə, "Reuters” bu barədə BMT-dəki mənbələrə istinadən məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, federallaşma Suriyanın ərazi bütövlüyünün təmin olunmasına gətirər. BMT-dən o da bildirilib ki, sözügedən ideyanı həm Qərb ölkələri, həm də Rusiya dəstəkləyir. Lakin onların Əsəd mövzusunda necə anlaşdıqları və ya Əsədin bu planın harasında yer aldığı açıqlanmır.
Təklifin BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Staffan de Misturaya təqdim olunduğu da gələn xəbərlər sırasındadır.
Xatırladaq ki, Suriyanın kürd liderlərindən biri, "Demokratik ittifaq” kürdyönümlü partiyanın başçısı Alhəm Ahməd Suriyanın üç yerə bölünəcəyini və hər üçünün də Suriyanın subyekti olacağını ehtimal etdiyini bildirmişdi.