Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edir.
İki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.
"Müasir dövrün qlobal çağırışı” adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edəcək, habelə video-müraciətlər nümayiş etdiriləcək.
Plenar sessiyada və panel iclaslarında dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.
Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edir.