Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenkonu qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.
Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edilib, Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakı qəbul edib.
Görüşdə IV Qlobal Bakı Forumunun artıq böyük bir beynəlxalq tədbirə çevrildiyi vurğulanıb.
Forumun gündəliyində bir çox vacib məsələlərin yer aldığı qeyd olunub.
Bakı Forumunun dünyada gedən prosesləri müzakirə etmək üçün yaxşı imkan yaratdığı bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun önəmi vurğulanıb.
Forumun gündəliyinin geniş sahələri, o cümlədən energetika, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, qaçqınlar, dinlərarası əməkdaşlıq və digər sahələri əhatə etməsinin aktual məsələlərin geniş müzakirəsi baxımından yaxşı imkan yaratdığı və tədbirin artıq mühüm beynəlxalq Foruma çevrildiyi qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İordaniya Haşimilər Krallığının keçmiş Baş naziri Abdelsalam Al-Macalini qəbul edib.
Keçmiş Baş nazir Abdelsalam Al-Macali İordaniyanın Kralı II Abdullahın salamlarını və Forum münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb. Azərbaycanın son illər ərzində böyük uğurlar qazandığını sevinc hissi ilə qarşıladığını qeyd edən Abdelsalam Al-Macali ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin onda xoş təəssürat yaratdığını bildirib.
Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışıldı, tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd olundu, Forum iştirakçılarının ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı fürsət yaratdığı bildirilib.
Abdelsalam Al-Macali İordaniya Kralı II Abdullahın məktubunu Prezident İlham Əliyevə təqdim edib.