Talış dağlarının mərmər çiyinlərinə sığınan Lerik rayonunun Hamarat kəndi cazibədar bir təbiətə malikdir. Buranın hər yanı gözəldir, bu gözəlliyə baxmaqdan göz doymur. Ayna bulaqlar, yaşıl yamaclar, bənövşə qoxulu dərələr, min bir dərdin dərmanı otlar-çiçəklər... hər nəyə desən dəyər. Torpağı o qədər bərəkətlidir, əkiləni birə yüz bitirir. Hətta qara daşında da sanki hikmət gizlənir. Belə olmasaydı, dünyada ən nadir olan qaraçöhrə ağacları ta qədimdən buranı özünə yurd-yuva seçməzdi. Əsrlərin sınağından üzüağ çıxan bu ağaclar indi ağır günləri yaşayır.
Hamaratda “ Alçalıq” deyilən yer var, dəniz səviyyəsindən 1300 metr yuxarıda yerləşir. Elə qaraçöhrə ağacları da bu cənnət məkanda bitir. Bildiyimə görə, qaraçöhrədən dünyanın heç yerində qalmayıb. Təbiətin nadir inciləri yalnız Azərbaycanın iki yerində- Qəbələ və Lerik rayonlarında hələ ki, yaşayır. Qəbələdə lap az sayda, Lerikin Hamarat kəndində isə qaraçöhrə meşəliyi vardır. Onların sayı 140 ədəddir. Dünya şöhrətli təbiətşünas alim Həsən Əliyev vaxtilə əsrarəngizliyin qoynunda olaraq, buraya “təbiətin canlı muzeyi “ deyib. Məlum olub ki, çox-çox keçmişdə, yəni on səkkizinci əsrdə ingilis tacirləri buradan öz kamanları üçün qaraçöhrə ağacları aparmışlar.
Meşəlikdə olanda ağaclar adama tarixi keçmişdən ələdüşməz sirlər açır, nənələrin söylədiyi rəvayətlərdə olduğu kimi yaman duyğulanır insan. Qaldı ki, bunu başa düşməyən nadanlar da meşəyə üz tutur. Belə əli baltalıların qara niyyətləri ilə qaraçöhrə ağır günə düşür. Onlara qayğı göstərmək əvəzinə, baltalamaqla təbiətin gözəlliyini korlayırlar. Yay vaxtı isə kəndin qoyun sürüləri ağacların köklərini məhv edir...
Hələlik tarixin nadir incisi olan meşəliyə sahib duran tapılmır. Ərazini çəpərə almaqla da onu indiki acınacaqlı durumdan qurtarmaq olar.
Babaların saxladığı yadigarları bilə-bilə itirmək böyük fəlakətdir. Fəlakəti düşünüb “əl saxla nadan, tariximizə qəsd etmə!” deməyin vaxtıdır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü