(On altıncı yazı)
Vətənin qəhrəman oğlu, cəsur kəşfiyyatçı-snayperçi Vüsal Tahirov haqqında deyilənlər bizdə qürur hissi doğurur, əmin oluruq ki, onunla bağlı xatirələr yaddaş kitabımızın ən işıqlı səhifələri olacaq.
Əlbəttə, mürəkkəbimiz dərya qədər belə olsa, Vüsal haqqındakı sözlərimiz bitməz...
Göründüyü kimi, Vüsal vətənpərvər olduğu qədər, qohumcanlı, dostcanlı, böyük-kiçik yeri bilən olub. Biz onun Vətən sevgisinə layiq olmaq üçün üzərində işlədiyimiz kitabı zərgər dəqiqliyi ilə cilalayırıq.
Təbii ki, Vüsal hər saat, hər dəqiqə, hər an onu sevənlərin diqqətindədir. Doğma gözlər hər ilıq xatirədə, hər isti duada, hər doğma baxışda onu görür...
Vüsal nəsillərin qürur yeridir, haqqında çox şey demək olar. Onun mənsub olduğu ailə halal çörəyi ilə tanınan, nüfuzlu ailələrindəndir. Belə bir ailədə təbii ki, Vüsal kimi (bir) qəhrəman yetişməli idi. Yetişdi də və o, bir gün (də) öz vətəni, torpağı uğrunda canından keçdi, şəhidlik zirvəsinə ucaldı.
Əlbəttə, Vüsal şəhid olub, ancaq o, ailəsi, doğmaları üçün ölməyib, onların qəlbində, düşüncəsində yaşayır. Və təbii ki, daim yaşayacaq...
Kimsə bəlli etməzdi ki, Vüsal böyüyəndə misilsiz (bir) uğura imza atacaq. Böyüdü, o imzanı atdı, haqqında əks fikirdə olanları heyrətə saldı. İndi o, Vətən göylərində bir ulduzdur, daim başımızın üstündə parıldayacaq...
...Abşeron rayon Xırdalan şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin foyesinə daxil olanda şagirdlərin nizamlı səs-küyü, bir-biri ilə mehriban ünsiyyəti bizi duyğulandırdı. Bir anlıq elə bildik ki, Vüsal da onların arasındadır...
Direktor müavini Xavər Fərhadova dedi ki, Vüsalın oxuduğu sinifdə təhsil alan şagirdlərə tez-tez belə deyirəm: - O, bax bu partada otururdu, sakit, ağıllı, qorxmaz, mərd, hünərli və həlim uşaq idi, böyüdü, Vətən qəhrəmanı oldu. - Bu an da görürəm ki, onlar kövrəlir, ani susurlar. Bu, o anlama gəlir ki, bizim şagirdlərimiz Vətən duyğuları ilə islana bilirlər...
Vüsal da bir vaxtlar şagird ikən Vətən duyğularından islanırdı, buna görə Allah ona uca məqam nəsib etdi; o, indi şəhiddir, başımızı uca, üzümüzü ağ edən qəhrəman oğuldur. Onun qəhrəmanlığı bizi qürur hissində boğur. Onun kimi cəsur oğulları unutmaq mümkün deyil...
Vüsal 5 nömrəli tam orta məktəbdə “ana”, “ata”, “Vətən” sözlərini öyrənib. O məktəbdə yazmağı, cümlə qurmağı, düşünə bilməyi öyrənib... Bu əzm onu olduqca uca zirvəyə çəkib apardı...
Vüsal ailədə və məktəbdə ağıllı, təmkinli, alicənab, mərifətli, qanacaqlı, tərbiyəli uşaq kimi diqqət çəkib. Şagird ikən uşaqlardan seçilmədi, böyüyəndən sonra Vətən sevgisi ilə (onların) hamısından fərqləndi.
Vüsal bacısı ilə söhbət edərkən dəfələrlə deyib: “Mən şəhid olacağam”. Doğrudan da insanın niyyəti haradırsa, mənzili də oradır. Vüsal böyüdü, vətənə layiq oğul oldu, hərbçi kimi yetişdi. Sonra da Vətən-torpaq uğrunda şəhid oldu. Sanki bu fikri ona kimsə diqtə edirmiş...
Sakit təbiəti, mədəni, ağır, istiqanlı, ağıllı və mülayim rəftarı Vüsalı çoxuna sevdirib. Şuluqluq etməməsi, kəskin mübahisələrdən qaçması, nümunəvi davranışları, yoldaşları ilə mədəni davranması onu müəllimlərinə də sevdirib. Vətənə, xalqa, torpağa olan sevgisi sonradan onu hər kəsə doğma və əziz etdi.
Hər bir ailə xoşbəxt olmağı, nizamlı həyat sevgisi ilə üz-üzə gəlməyi arzu edir. Fəqət bu qaynar istək bütün ailələri öz cənginə almır...
Tahirovlar ailəsi də Vüsallı günlərində xoşbəxtlik nəğmələri oxuyur, bu arzu və istəklə Allaha dualar edirdilər. Lakin bir gün hansısa naşı bir bulud bu ailənin başı üzərində qara kölgəyə döndü, bu ailəyə niskil dolu anlar yaşatdı; Vüsal Vətən müharibəsində şəhid oldu, üçrəngli bayrağımıza bükülmüş tabutda onu torpağa tapşırdılar. Yəni, Tahirovlar ailəsinin xoşbəxtlik nəğməsi yarıda qaldı, bəxtiyarlıqla dolu baxışları qəm-kədər yağışı ilə islandı...
Biz, əslində, bu məsələyə bəlkə də səthi yanaşırıq; ya da bəlkə Allahın işinə qarışırıq. Bəlkə Allah Vüsalı şəhidlik mərtəbəsinə ucaltmaqla Tahirovlar ailəsinə əsl bəxtiyarlığı nəsib edib? Bəlkə Vüsalın şəhadəti bu ailənin xoşbəxtlik nəğməsidir? Kim bilir?!
Biz, sadəcə, hər şeyə dünyəvi düşüncə ilə nüfuz edirik deyə ölümü, bir insanın həyatdan getməsini bədbəxtlik kimi xarakterizə edirik.
Əslində, adi ölümlər hər kəsi haqlayır, belə ölümlərin urvatı olmur, ancaq şəhid oğulları aparan ölüm urvatlı ölümdür. Məgər bu, xoşbəxtlik deyil?
Bu mənada, Tahirovlar ailəsi əmin olmalıdır ki, Allah əsl xoşbəxtliyi Vüsalın şəhadəti ilə onlara yaşadıb...
Əlbəttə, şəhidlərimizin hamısı bizim üçün əzizdir. Vüsal da onlardan biridir.
İlk müəllim də bir valideyndir...
XTQ giziri Vüsal Tahirov (dediyimiz kimi) birinci sinfə Xırdalan şəhərindəki 5 nömrəli tam orta məktəbdə gedib, beşinci sinfə qədər bu məktəbdə təhsil alıb. Sonra 9 nömrəli tam orta məktəbə gəlib. Burada onun müəllimi, həm də sinif rəhbəri Qəmər Qəmbərova oub. Yəni, ibtidai sinifdə mənimsədiyi “ana”, “ata” və “Vətən” kimi ən əziz kəlmələri Qəmər müəllim Vüsala daha geniş anlamda təqdir edib, ona bu qətiyyətlə elə ilk çağlardan sanki vətənpərvərlik hisləri aşılayıb. Əlbəttə, ilk müəllim həm də elə valideyn kimidir, uşaq kövrək anlarını onun yanında bərkidir. Vüsala da həyata qarşı sərtliyi, mübariz olmağı əvvəlcə onun ibtidai sinif müəllimi, sonra da məhz Qəmər müəllim əxz edib...
Vüsal Tahirov haqqında kitab yazmaq qərarına gələndə ağlımızdan keçən ilk insan məhz onun ibtidai sinif müəllimi, sonra da Qəmər müəllim oldu. Düşündük ki, Vüsalı onlardan yaxşı heç kim dəqiq, dürüst və olduğu boyada xarakterizə edə bilməz. Bu səbəbdən, bu müəllimlərlə görüşmək, səslərini lentə almağı məsləhət bildik.
Ancaq hələlik Vüsalın ibtidai sinif müəllimi ilə görüşmək nəsibimiz deyil... Lakin Qəmər müəllimlə görüşmək şansımız var. Onun da həm yaşlı, həm də xəstə olduğunu dedilər. Üzüldük. Məyus olduq. Bir anlıq zənn etdik ki, bu kitabda onun Vüsalla bağlı xatirələri olmasa, kitabımız yarımçıq təsir bağışlayar. Nə xoş ki, Qəmər müəllim çətinliklə də olsa, qəhrəman şəhidimizlə bağlı fikirlərini bizimlə bölüşdü. Biz də onun dediklərini böyük sevgi hissi ilə xüsusi səhifədə vermək qərarına gəldik.
Qəmər Qəmbərovanın, şagirdi Vüsal Tahirov haqqında dedikləri:
- Bəzən elə anlar olur ki, sözlər hislərin qarşısında aciz qalır. Bir müəllim üçün öz şagirdi haqqında keçmiş zamanda danışmaq, onun qəhrəmanlığından qürurla, gedişindən isə sızıltı ilə bəhs etmək həm şərəfdir, həm də böyük ürək ağrısıdır.
Vüsal mənim yaddaşımda, sadəcə, bir şagird kimi deyil, tərbiyəsi, sakit təbiəti və hər kəsə qarşı olan qaynar hörməti ilə seçilən bir azərbaycanlı gənc kimi qalıb. 9 nömrəli məktəbin dəhlizlərində onun addım səsləri qulaqlarımda idi, indi təqaüddə olsam da o məktəb illərini xatırlayanda onun ayaq səsləri qulaqlarımda cingildəyir. O, dərslərinə qarşı məsuliyyətli olduğu qədər də yoldaşlıq münasibətlərində sadiq idi. Sinifdə hər kəsin sevimlisinə çevrilmişdi; çünki Vüsalın qəlbi təmiz, niyyəti pak idi.
Məktəbi bitirib hərbi xidmətə yollananda onun gözlərindəki o cəsarəti və Vətən sevgisini görməmək mümkün deyildi. O, elə o vaxtdan böyük qürurla seçdiyi yolun müqəddəsliyini dərk edirdi. Biz onu məktəbdən bir məzun kimi yola saldıq, o isə geriyə Azərbaycanın qürur mənbəyi, xalqın qəhrəmanı və ən uca zirvənin - şəhidlik zirvəsinin sahibi kimi döndü.
Bu gün Vüsal artıq təkcə mənim şagirdim deyil, o, bütöv bir xalqın övladıdır. Onun adı bizim məktəbin tarixini bəzəyir, onun igidliyi isə gələcək nəsillərə örnəkdir. Vüsal kimi oğullar yetişdirən anaların qarşısında baş əyirəm.
Vüsalım, səninlə qürur duyuruq! Sən parta arxasında öyrəndiyin “Vətən” kəlməsini şərəfli canınla, qanınla tarixə həkk etdin. Ruhun şad olsun! Məzarın nurla dolsun!
...İlk müəllim! Valideyn qədər doğma və əziz İnsan!
Xüsusi Təyinatlı Qüvvələrin giziri, qəhrəman kəşfiyyatçı-snayperçi Vüsal Tahirovun ilk müəllimi - ibtidai sinif müəllimi Sədagül İsayeva da elə ona valideynləri qədər əziz olub...
Mənbələrdən də bəlli olduğu kimi, ilk müəllim insan həyatında fundamental biliklərin, əxlaqın və dünyagörüşünün təməlini qoyan, ana qucağından sonra körpə əlləri tutan ilk bələdçidir. İbtidai sinifdə oxuma-yazma öyrədən bu şəxs, şagirdin yaddaşında ömürlük iz buraxan, onun həyatına sevgi və səbrlə işıq saçan əvəzsiz şəxsiyyətdir. İlk müəllim mənəvi ata-ana, şagird üçün ikinci ana, atadır, qayğıkeş, anlayışlıdır, ürəyi daim sevgi ilə dolu olur...
Vüsalın ilk müəllimi, ibtidai sinif müəllimi Sədagül İsayevanın Vüsala (onun timsalında bütün şagirdlərinə) olan diqqət və qayğısı yaddaşı qabarlı, zehni ilə həyata işıqlı insanlar əta edən bir nüfuz sahibinin prototipidir. Yəni, ana, ata qədər doğma və əziz olan bu insan parta arxasında ağ göyərçinlər kimi əyləşən kövrək baxışlı şagirdlərinə təkcə yazma-oxuma öyrətmir, həm də onlara Vətən sevgisi aşılayır...
...Vüsal (bildiyimiz kimi) birinci sinfə məhz belə bir nüfuz sahibinin - həyata, cəmiyyətə neçə-neçə şərəfli insan bəxş etmiş Sədagül müəllimin dərs dediyi Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə gedib. Biz Sədagül müəllimin Vüsalla bağlı bir-iki kəlmə də olsa, fikrini Vüsalın qəhrəmanlıq yoluna həsr etdiyimiz kitabda mütləq yerləşdirmək əzmindəydik, şükr, buna nail olduq...
Sədagül İsayeva şagirdi Vüsal haqqında bunları dedi:
- Vüsalım, məkanın cənnət olsun! Sən, sanki əbədiyyət üçün doğulmuşdun...
...İllər əvvəl parta arxasında əyləşən o uşağın illər sonra qəhrəman kimi tarix yazması mənim üçün həm böyük qürur, həm də çox ağır kədərdir. Aradan illər keçib, ancaq şagirdlərimin baxışları, sinifdəki yerləri heç vaxt yaddaşımdan silinmir.
Vüsal mənim yaddaşımda mehriban, zəhmətsevər və dürüst uşaq kimi qalıb. Ona Əlifba kitabını öyrədəndə, “Vətən” kəlməsini necə yazmağı göstərəndə, bu adı öz canı ilə ucaldacağını, torpağın hər qarışı üçün canından keçəcəyini ağlıma gətirmirdim. O, indi, sadəcə, mənim şagirdim deyil, həm də mənim qürur mənbəyimdir. O, indi bütün Azərbaycanın övladıdır. Onun, təbii ki, indi sinifdə yeri boş deyil, orada indi bir tarix oturub...
Şəhid müəllimi olmaq ağır yükdür. Bu yükün bəxş etdiyi şərəf qürurumu birəbeş artırır...
Nur içində yat, qəhrəman şagirdim!
(Ardı var)
Hikmət Məlikzadə