Rusiya ölkədə müşahidə edilən yanacaq böhranını aradan qaldırmaq üçün daha bir addım atıb. Baş nazirin müavini Aleksandr Novak ölkənin yanacaq idxalına başladığını və daxili tədarükü artırmaq üçün daha aşağı ekoloji standartlara malik benzin istehsalına icazə verildiyini açıqlayıb. Bu addım hökumətin bazara müdaxiləsinin yeni mərhələsi kimi qiymətləndirilir.
Novak ixrac qadağasının qaldırılmasından sonra idxalın başladığını elan edib. Hökumət təcili ehtiyacları ödəmək üçün Avro-2, Avro-3 və Avro-4 dərəcəli benzinin istehsalına, idxalına və satışına 1 iyul 2027-ci ilə qədər icazə verib. Bu standartlarda Rusiyanın hazırkı K5 (Avro-5) dərəcəli standartı ilə müqayisədə tərkibində daha yüksək kükürd (müvafiq olaraq 500 mq/kq, 150 mq/kq və 50 mq/kq) var. Novak vurğulayıb ki, bu addım bazarda daha çox yanacaq əldə etməyə imkan verəcək.
Baş nazirin müavini mövcud vəziyyəti yanacaq bazarında "ikinci gərginlik dalğası" kimi xarakterizə edərək əlavə edib ki, bir çox neft emalı zavodları tezliklə təmir işlərini başa çatdıracaq və fəaliyyətini bərpa edəcək və bununla da tədarükü artıracaq.
Bundan əvvəl açıqlama verən Rusiya Prezidenti Vladimir Putin yanacaq bazarındakı problemlərin müvəqqəti olduğunu bildirmişdi.
Tahir TAĞIYEV