Ali Məhkəmə bildirir ki, tibbi müdaxilənin arzuolunmaz nəticə ilə yekunlaşması avtomatik olaraq həkimin hüquqi məsuliyyət daşıması demək deyil. Məsuliyyət müəyyən edilərkən diaqnozun düzgün qoyulması, müalicə taktikasının tibbi standartlara uyğunluğu və müdaxilənin peşəkar şəkildə həyata keçirilib-keçirilmədiyi əsas götürülür. Yaranan fəsadın özü həkimin təqsirini sübut etmir.
Məhkəmə yalnız nəticəni deyil, həmin nəticəyə aparan tibbi prosesin düzgün icra olunub-olunmadığını da qiymətləndirir. Prosedurlar sübutlu təbabət prinsiplərinə və tibbi standartlara uyğun aparılıbsa, zərərli nəticəyə görə məsuliyyət istisna edilə bilər.
Tibbi mübahisələrdə sənədləşmə xüsusi əhəmiyyət daşıyır. Xəstənin şikayətləri, müayinələr, diaqnoz, əməliyyatın səbəbləri, tətbiq olunan protokollar və digər tibbi məlumatlar tam və düzgün qeyd edilməlidir. Sənədlərdə boşluqların olması, müdaxilə düzgün aparılsa belə, sonradan bunun məhkəmədə sübut edilməsini çətinləşdirə bilər.
Digər mühüm məqam pasiyentin məlumatlandırılması və razılığıdır. Sadəcə razılıq sənədinin imzaladılması kifayət deyil. Xəstəyə əməliyyatın məqsədi, mümkün riskləri, ağırlaşmaları və gözlənilən nəticələri sadə və anlaşılan formada izah edilməli və bu proses sənədləşdirilməlidir.
Beləliklə, Ali Məhkəmənin mövqeyinə görə, tibbi xidmət zamanı həm tibbi standartlara riayət, həm də hüquqi baxımdan düzgün sənədləşmə və məlumatlandırma həkim və tibb müəssisəsinin məsuliyyətinin müəyyənləşdirilməsində əsas amillərdir.
Ali Məhkəmənin yeni mövqeyinə görə, tibbi müdaxilənin arzuolunmaz nəticə ilə başa çatması avtomatik olaraq həkimin məsuliyyətini yaratmır. Həkimin məsuliyyəti diaqnozun, müalicə metodunun və tibbi müdaxilənin standartlara uyğun olub-olmaması əsasında müəyyənləşdirilməlidir.
Bu yanaşma ilə bağlı əsas mübahisə isə həkimin və pasiyentin hüquqları arasında balansın necə qorunacağıdır. Çünki diaqnozun düzgün qoyulduğunu, müalicə metodunun düzgün seçildiyini və tibbi standartlara əməl edildiyini müəyyənləşdirmək ayrıca ekspertiza tələb edir. Bu səbəbdən belə qərarın arzuolunmaz hallarda həkimlərin məsuliyyətini azaltması və pasiyentlərin hüquqlarını zəiflətməsi ilə bağlı narahatlıqlar yarana bilər.
İctimai müzakirələrdə həmçinin bu yanaşmanın özəl tibb sektorunun maraqlarına xidmət edib-etmədiyi barədə suallar səslənir. Bu qərarın qəbul edilməsində özəl klinika və ya onların nümayəndələrinin lobbi təsiri olub-olmadığı hazırda cəmiyyətdə müzakirə obyektinə çevrilib. Çünki son zamanlar həkimlərin xətası üzündən arzuolunmaz nəticələrin ortaya çıxması əsasən özəl klinikalarda baş verir.
Əsas prinsip isə budur: tibbi mübahisələrdə yalnız həkimin deyil, pasiyentin də hüquqları eyni səviyyədə qorunmalı və məsuliyyət obyektiv sübutlar əsasında müəyyənləşdirilməlidir.
Ali Məhkəmənin tibbi mübahisələrdə həkimin məsuliyyətinin yalnız arzuolunmaz nəticəyə görə deyil, tibbi prosesin düzgün aparılıb-aparılmamasına əsasən müəyyənləşdirilməsi ilə bağlı yeni mövqeyi ictimaiyyətdə hansı sualları doğurur? Bu yanaşma həm həkimlərin, həm də pasiyentlərin hüquqlarını balanslı şəkildə qoruyur, yoxsa faktiki olaraq həkimlərin, xüsusilə özəl klinikalarda çalışan mütəxəssislərin məsuliyyətdən qorunmasını gücləndirir? Eyni zamanda, bu qərarın özəl tibb sektorunun maraqlarının təsiri altında formalaşdığı barədə yaranan şübhələr nə dərəcədə əsaslıdır?
Şəmsəddin Əliyev: "Ali Məhkəmənin bu qərarının mahiyyəti həkimə məsuliyyətsizlik imtiyazı vermək kimi başa düşülməməlidir"
Hüquqşünas Şəmsəddin Əliyev məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Ali Məhkəmənin tibbi mübahisələrdə həkimin məsuliyyətinin müəyyənləşdirilməsi ilə bağlı yeni yanaşmanın praktikada necə tətbiq ediləcəyi olduqca mühüm məsələdir və xüsusilə özəl tibb müəssisələri bu baxımdan cəmiyyətdə ciddi müzakirələrə səbəb ola bilər.
Hüquqşünasın sözlərinə görə, bəzi hallarda tibbi müdaxilə nəticəsində xəstənin həyatını itirməsi və ya səhhətinin ağırlaşması özü-özlüyündə həkimin təqsirli olması anlamına gəlməyə bilər, belə hallar bu qərara qədər də mövcud olub. Əsas məsələ tibbi prosesin necə aparılması, həkimin mövcud tibbi standartlara və klinik protokollara əməl edib-etməməsi, düzgün diaqnoz qoyub-qoymaması, zəruri müayinələri aparıb-aparmaması və xəstəyə lazımi tibbi yardım göstərib-göstərməməsidir. Adətən tibbi nəticə bu sadalanan prosedurlara uyğun olaraq ortaya çıxır.
Ali Məhkəmənin son mövqeyində də tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi zamanı düzgün diaqnozun qoyulması, vaxtında və zəruri tədbirlərin görülməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğunluğu və mümkün zərərin qarşısının alınıb-alınmasının araşdırılmasının vacibliyi vurğulanır. Eyni zamanda, tibbi müdaxilə bütün prosedurların sübutlu təbabət prinsiplərinə və tələb olunan diqqət və qayğı standartlarına uyğun aparıldığı halda, əvvəlcədən gözlənilməyən və qarşısının alınması mümkün olmayan nəticəyə görə məsuliyyətin istisna edilə biləcəyi qeyd olunur.
Şəmsəddin Əliyev hesab edir ki, burada əsas problem xəstənin əməliyyata və ya digər tibbi müdaxiləyə razılıq verməsi ilə həkimin peşəkar məsuliyyətinin bir-birindən fərqləndirilməsidir. Onun fikrincə, xəstənin əməliyyata yazılı razılıq verməsi həkimi avtomatik şəkildə məsuliyyətdən azad edən sənəd kimi qiymətləndirilməməlidir.
“Xəstə əməliyyata razılıq verirsə, bu onun mümkün risklər barədə məlumatlandırıldığını göstərir. Amma xəstə həkimə pul ödəyirsə və ya sığorta hesabına tibbi xidmət alırsa, həkim də öz növbəsində peşəkar standartlara uyğun fəaliyyət göstərməli və əvvəlcədən planlaşdırılan nəticəni almalıdır. Razılıq sənədi həkimin səhlənkarlığına, yanlış diaqnostikasına və ya tibbi protokolların pozulmasına bəraət qazandıra bilməz”, – deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, müasir tibbdə xəstənin diaqnostikası yalnız həkimin subyektiv müşahidələri ilə məhdudlaşmır. Müasir tibbi avadanlıqlar, laborator müayinələr, görüntüləmə və digər diaqnostik imkanlar həkimin qərar qəbul etməsinə kömək edir. Buna görə də tibbi imkanlardan düzgün istifadə edilməməsi, mövcud məlumatların yanlış qiymətləndirilməsi və nəticədə səhv diaqnoz qoyulması hallarında həkimin peşəkar məsuliyyəti məsələsi ayrıca araşdırılmalıdır.
Hüquqşünas vurğulayıb ki, tibbi avadanlığın mövcudluğu özü də kifayət deyil. Əsas məsələ həmin avadanlıqdan düzgün və peşəkar şəkildə istifadə olunmasıdır. Eyni zamanda, müxtəlif sertifikatların və diplomların çoxluğu xəstəyə göstərilən tibbi xidmətin avtomatik olaraq yüksək keyfiyyətli olması anlamına gəlmir.
Şəmsəddin Əliyevin fikrincə, xüsusilə cərrahi əməliyyatlar zamanı risk amili nəzərə alınmalıdır. Həkim əməliyyatın mümkün nəticələri, riskləri və alternativ müalicə üsulları barədə xəstəyə ətraflı məlumat verməlidir. Lakin xəstənin risklərlə bağlı məlumatlandırılması həkimin peşəkar öhdəliklərini aradan qaldırmır.
“Əgər həkim xəstəni inandırırsa ki, əməliyyatdan narahat olmağa əsas yoxdur, o zaman bu yanaşmanın hansı tibbi əsaslara söykəndiyi də qiymətləndirilməlidir. Xəstənin razılığı birtərəfli məsuliyyətsizlik mexanizminə çevrilməməlidir. Razılıq qarşılıqlı etimad və peşəkar məsuliyyət üzərində qurulmalıdır”, – deyə hüquqşünas qeyd edib.
O hesab edir ki, hər bir ölüm faktına görə avtomatik şəkildə həkimin cinayət məsuliyyətinə cəlb edilməsi də düzgün yanaşma deyil. Əsas məsələ ölümün və ya ağırlaşmanın səbəbi ilə həkimin konkret hərəkəti və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyənləşdirilməsidir.
“Əgər araşdırma nəticəsində müəyyən olunursa ki, xəstənin ölümü düzgün diaqnozun qoyulmaması, tibbi standartların pozulması, lazımi müayinələrin aparılmaması və ya yanlış müalicə nəticəsində baş verib, bu halda həkimin məsuliyyəti məsələsi mütləq şəkildə araşdırılmalıdır. Əksinə, həkim bütün zəruri tibbi tədbirləri görüb, protokollara əməl edib, bu cür risklər barədə xəstəni əvvəlcədən xəbərdar edib və buna baxmayaraq qarşısının alınması mümkün olmayan nəticə yaranıbsa, yalnız nəticənin özünə görə həkimin məsuliyyətə cəlb edilməsi doğru olmaz. Amma həkim də peşəkarcasına ümid etmədiyi əməliyyata girməməlidir. Arzuolunmaz nəticəni minimuma endirmək üçün həkimin məsuliyyəti artırılmalıdır, nəinki onun məsuliyyət yükünün azaldılması”, – deyə Şəmsəddin Əliyev bildirib.
Onun sözlərinə görə, burada istintaq və məhkəmə orqanlarının üzərinə də böyük məsuliyyət düşür. Konkret hadisənin bütün tibbi sənədləri, diaqnostik nəticələr, klinik protokollar, həkimin qərarları və tibbi müdaxilənin gedişi araşdırılmalı, zərurət olduqda müstəqil tibbi ekspertizanın rəyi alınmalıdır. Yalnız bundan sonra həkimin məsuliyyəti barədə hüquqi nəticəyə gəlmək mümkündür.
Hüquqşünas hesab edir ki, bu məsələyə yalnız həkimlərin hüquqları prizmasından deyil, həm də pasiyentlərin hüquqlarının qorunması baxımından yanaşmaq lazımdır. Azərbaycan Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquq və azadlıqlarının, eləcə də vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 27-ci maddəsində isə hər kəsin yaşamaq hüququnun olduğu təsbit edilir.
“Pasiyentin yaşamaq hüququ ən fundamental hüquqlardan biridir. Ona görə də tibbi xidmət göstərilərkən həm həkimin peşəkar fəaliyyətinin qorunması, həm də pasiyentin həyat və sağlamlığının müdafiəsi arasında balans yaradılmalıdır”, – deyə Şəmsəddin Əliyev vurğulayıb.
O əlavə edib ki, son illərdə tibbi xidmətlərlə bağlı pasiyent şikayətlərinin və ictimai müzakirələrin artması bu məsələnin həssaslığını daha da artırır. Belə şəraitdə məhkəmə qərarlarının həm həkimlərin əsassız şəkildə məsuliyyətə cəlb olunmasının qarşısını alması, həm də tibbi səhlənkarlıq və peşəkar səhvlər nəticəsində zərər çəkən pasiyentlərin hüquqlarının müdafiəsini təmin etməsi vacibdir.
Şəmsəddin Əliyevin fikrincə, əks halda qərarın yanlış şərh olunması bəzi tibb müəssisələrində məsuliyyətsizliyə zəmin yarada bilər. Əgər həkimlər tibbi müdaxilənin nəticəsindən asılı olmayaraq məsuliyyət daşımayacaqları qənaətinə gəlsələr, bu, həm pasiyentlər, həm də səhiyyə sistemi üçün ciddi risk yaradar.
“Ali Məhkəmənin bu qərarının mahiyyəti həkimə məsuliyyətsizlik imtiyazı vermək kimi başa düşülməməlidir. Əsas meyar tibbi müdaxilənin nəticəsi deyil, həkimin həmin nəticənin qarşısını almaq üçün peşəkar standartlara uyğun olaraq nə edib-etməməsidir. Əgər həkimin səhlənkarlığı və ya peşəkar qaydaları pozması nəticəsində insan həyatını itiribsə, bu hal mütləq araşdırılmalıdır. Əks halda cəmiyyətdə ciddi ictimai narahatlıq yarana bilər”, – deyə hüquqşünas bildirib.
Akif NƏSİRLİ