ABŞ ordusunun İranla gərginliyin davam etdiyi Hörmüz boğazında neft tankerlərinin təhlükəsiz keçidini təmin etmək üçün gizli dəhliz yaratdığı ortaya çıxıb.
Axios-un adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, bir neçə həftədir davam edən əməliyyatın bir hissəsi olaraq, hər gecə Hörmüz boğazının cənub kanalı vasitəsilə əraziyə 15-20 neft tankeri daxil olur və çıxır.
ABŞ rəsmiləri iddia edir ki, bu marşrut Hörmüz boğazı vasitəsilə dünya enerji bazarlarına gündə təxminən 10 milyon barel neft çatdırılmasına imkan verir. Rəsmilər bu miqdarın müharibədən əvvəlki səviyyənin təxminən yarısı olduğunu qeyd etsələr də, bunun qlobal neft tədarükündəki fasilələrin azaldılmasına əhəmiyyətli dərəcədə töhfə verdiyini iddia edirlər.
Rəsmilər bildirir ki, əməliyyat təkcə neft tankerlərinin boğazdan təhlükəsiz şəkildə çıxarılması ilə deyil, həm də ABŞ ordusunun boş tankerlərin Ərəbistan dənizindən Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olmasına kömək etməsi ilə bağlıdır.
Əməliyyatın Şimali Karolinadakı Fort Braqq bazasından idarə olunduğunu iddia edən rəsmilər, gəmilərin hər gecə təyin olunmuş vaxtlarda - biri boğazdan çıxan, digəri isə girən iki ayrı karvan şəklində hərəkət etdiyini və ABŞ ordusunun göstərişlərinə uyğun olaraq cənub kanalından keçdiyini iddia edirlər.
ABŞ rəsmiləri əməliyyatın ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İran radar və dəniz müşahidə sistemlərini hədəf alan iki həftəlik hərbi əməliyyatından sonra mümkün olduğunu bildiriblər.
Tahir TAĞIYEV