ABŞ Prezidenti Donald Tramp bu ilin payızında Şimali Koreya lideri Kim Çen Inla görüşərək, Pxenyanın nüvə proqramı ilə bağlı danışıqları yenidən başlatmaq istəyir. The Wall Street Journal-ın məlumatına görə, görüşün noyabrda Çinin Şençjen şəhərində keçiriləcək APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı) sammiti çərçivəsində baş tutması nəzərdən keçirilir.
Tramp Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu bildirərək, Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması barədə də qərar verib. Daha sonra o, bu qərarın Seulun Hörmüz boğazının açılması əməliyyatlarında iştirakdan imtina etməsi ilə əlaqəli olduğunu açıqlayıb.
Tramp və Kim Çen In indiyədək üç dəfə görüşüblər. 2018-ci ildə Sinqapurda keçirilən ilk görüşdə Şimali Koreyanın nüvə proqramı üzrə yol xəritəsi razılaşdırılıb. 2019-cu ildə Hanoy görüşündə isə Pxenyanın nüvə proqramından tam imtina etməməsi səbəbindən danışıqlar nəticəsiz qalıb. Həmin il iki lider Koreya yarımadasının demilitarizasiya olunmuş zonasında da görüşüblər, lakin bu görüş də denuklearizasiya məsələsində konkret nəticə verməyib.
Trampın Cənubi Koreya ilə birgə hərbi təlimləri azaltması və eyni zamanda Kim Çen Inla yeni görüşə can atması fonunda ABŞ prezidentinin Şimali Koreyaya qarşı bu qədər yumşaq və güzəştli siyasət yürütməsinin əsas məqsədi nədir? Tramp Kim Çen Inın “nazı ilə oynamaqla” həqiqətən nüvə danışıqlarını bərpa etməyə çalışır, yoxsa burada Cənubi Koreyanı İran məsələsində Vaşinqtonun mövqeyinə uyğunlaşdırmaq və Şərqi Asiyada ABŞ-ın daha geniş strateji maraqlarını təmin etmək məqsədi də var?
Xaqani Cəfərli: "Kim Çen In nüvə məsələsində güzəştə getməz və heç bir zaman da getməyəcək"
Politoloq Xaqani Cəfərli ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla yenidən görüşmək istəyini “Bakı-Xəbər” qəzetinə şərh edərkən bildirib ki, Tramp siyasi problemlərin həllində şəxsi münasibətlər faktoruna xüsusi önəm verir. Onun fikrincə, ABŞ prezidenti liderlər arasında yaxşı münasibətlərin dövlətlərarası əlaqələrə müsbət təsir göstərə biləcəyinə inanır və Şimali Koreya ilə bağlı siyasətində də məhz bu yanaşmadan çıxış edir.
Politoloqun sözlərinə görə, Tramp hələ ilk prezidentliyi dövründə Kim Çen Inla birbaşa görüşlər keçirərək, uzun müddət davam edən gərginliyi müəyyən qədər yumşaltmağa nail olmuşdu. 2018-ci ildə Sinqapurda başlayan bu proses ABŞ və Şimali Koreya liderlərinin tarixdə ilk dəfə üz-üzə görüşməsi baxımından mühüm hadisə sayılsa da, son nəticədə Pxenyanın nüvə proqramı ilə bağlı əsaslı razılaşma əldə edilmədi.
Xaqani Cəfərli hesab edir ki, liderlər arasında şəxsi münasibətlər diplomatik proses üçün mühüm vasitə ola bilər, lakin dövlətlərin fundamental maraqlarını əvəz edə bilməz.
“Əlbəttə, siyasi liderlər arasında yaxşı münasibətlər dövlətlər arasında münasibətlərə müsbət təsir edir. Ancaq həlledici amil ola bilmir. Həlledici amil dövlətlərin maraqları ilə bağlıdır”, – deyə politoloq vurğulayıb.
Ekspertin fikrincə, bu baxımdan Trampın Kim Çen Inla münasibətləri qorumaq məqsədilə Cənubi Koreya ilə birgə hərbi təlimləri azaltması gözlənilən nəticəni verməyə bilər. Çünki Şimali Koreyanın nüvə silahına münasibəti, şəxsi münasibətlərdən daha çox, ölkənin təhlükəsizlik strategiyası və rejimin özünü qoruma siyasəti ilə bağlıdır.
Politoloq hesab edir ki, Pxenyan nüvə arsenalını ABŞ və digər xarici qüvvələr qarşısında əsas çəkindirmə vasitəsi kimi görür. Bu səbəbdən Kim Çen Inın nüvə proqramından imtina etməsi ehtimalı olduqca aşağıdır.
“Kim Çen In nüvə məsələsində güzəştə getməz və heç bir zaman da getməyəcək. Xüsusilə indiki zamanda Şimali Koreya rəhbərliyinin güzəştə gedə biləcəyini düşünmək çox böyük səhv olar”, – deyə Xaqani Cəfərli bildirib.
Onun sözlərinə görə, Şimali Koreyanın son illərdə nüvə və raket imkanlarını inkişaf etdirməsi də Pxenyanın bu məsələdə geri addım atmaq niyyətində olmadığını göstərir. Bu səbəbdən Trampın əsas məqsədi tam denuklearizasiya əvəzinə Şimali Koreyanın nüvə proqramının məhdudlaşdırılması, raket sınaqlarının dayandırılması və ya müəyyən etimad tədbirlərinin həyata keçirilməsi kimi daha real nəticələr əldə etmək ola bilər.
Politoloq Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması qərarında İran amilinin də mühüm rol oynadığını düşünür. Onun fikrincə, Vaşinqtonun İranla qarşıdurması fonunda ABŞ müttəfiqlərindən daha böyük siyasi və hərbi dəstək gözləyirdi. Lakin Cənubi Koreyanın İran məsələsində ABŞ-la eyni mövqedən çıxış etməməsi Tramp administrasiyasının narazılığına səbəb olub.
“İrana qarşı əməliyyatda Avropa ölkələri kimi Cənubi Koreya da ABŞ-la birgə hərəkət etməkdən çəkindi. Bu isə Trampın qəzəbinə səbəb olub. Etiraf etmək lazımdır ki, Tramp bu məsələdə haqlıdır. Avropa ölkələri kimi Cənubi Koreya da ABŞ-ın təhlükəsizlik çətirinin altında olmaq istəyir, ancaq ABŞ-la birgə hərəkət etmək istəmir”, – deyə ekspert qeyd edib.
Xaqani Cəfərli hesab edir ki, burada Trampın əsas narazılığı, müttəfiqlərin ABŞ-ın təhlükəsizlik imkanlarından faydalanmasına baxmayaraq, Vaşinqtonun üzləşdiyi hərbi və siyasi riskləri bölüşməkdən çəkinməsindəndir. Bu yanaşma Trampın “yükün müttəfiqlər tərəfindən daha çox paylaşılması” tələbi ilə də uyğunlaşır.
Ekspertin fikrincə, Cənubi Koreya üçün də vəziyyət kifayət qədər mürəkkəbdir. Seul bir tərəfdən ABŞ-ın hərbi-siyasi dəstəyinə və təhlükəsizlik təminatlarına ehtiyac duyur, digər tərəfdən isə İran kimi uzaq coğrafiyada baş verən münaqişəyə birbaşa cəlb olunmaq istəmir. Çünki bu, Cənubi Koreyanın öz təhlükəsizlik resurslarının bölüşdürülməsinə və Şimali Koreya qarşısında potensial risklərin artmasına səbəb ola bilər.
Politoloq hesab edir ki, məhz bu ziddiyyət ABŞ-Cənubi Koreya münasibətlərində müəyyən gərginlik yarada bilər. Lakin bunun strateji müttəfiqliyin pozulmasına gətirib çıxaracağını düşünmək doğru olmaz. Çünki Şimali Koreya faktoru Vaşinqton və Seul arasında təhlükəsizlik əməkdaşlığını zəruri edən əsas amillərdən biridir.
Xaqani Cəfərli vurğulayıb ki, Trampın Kim Çen Inla münasibətləri yaxşılaşdırmaq cəhdi də bu geniş strategiyanın bir hissəsi kimi qiymətləndirilə bilər. ABŞ prezidenti bir tərəfdən Pxenyanla birbaşa dialoq imkanını saxlamaq, digər tərəfdən isə Şərqi Asiyada yeni hərbi gərginliyin yaranmasının qarşısını almaq istəyir.
Bununla belə, politoloq hesab edir ki, Trampın Kim Çen Inla şəxsi münasibətlərinə həddindən artıq ümid bağlaması düzgün olmaz. Çünki Şimali Koreyanın nüvə siyasətini müəyyən edən əsas faktor liderlər arasındakı şəxsi münasibətlər deyil, ölkənin təhlükəsizlik və geosiyasi maraqlarıdır.
“Bütün bunlara görə, İsrail ABŞ-ın ən üstün münasibət bəslədiyi müttəfiqidir. Vaşinqton özünün əsas təhlükəsizlik tərəfdaşlarından daha çox konkret strateji nəticələr və dəstək gözləyir. Bu baxımdan, Trampın həm Şimali Koreya, həm Cənubi Koreya, həm də digər müttəfiqlərlə bağlı addımlarını yalnız şəxsi münasibətlər çərçivəsində deyil, ABŞ-ın qlobal strategiyası və maraqları kontekstində qiymətləndirmək lazımdır”, – deyə Xaqani Cəfərli bildirib.
Akif NƏSİRLİ