Süni intellekt sahəsindəki fəaliyyət "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası" sənədi ilə əlaqələndirilib və hər iki sənəd bir-birini qarşılıqlı şəkildə tamamlayır.
Bunu iyulun 9-da Parlamentdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.
O qeyd edib ki, Fəaliyyət Planının bu istiqamətdəki fəlsəfəsi "suveren süni intellekt" konsepsiyası üzərində qurulub. Bu, dövlətin xarici texnologiyalardan asılı olmadan, öz milli infrastrukturu, öz məlumat ehtiyatları və öz insan kapitalı vasitəsilə süni intellekt modelləri yaratmaq və idarə etmək qabiliyyətidir. Çünki hesablama gücü və məlumat bu gün strateji resursa çevrilib və bu resursları tamamilə xaricdən idxal edən ölkə öz rəqəmsal gələcəyinin idarəçiliyini də xarici əllərə etibar etmiş olur.
“Ölkədə artıq Milli Superkompüter Mərkəzi qurulub və bu, bizə imkan verir ki, mürəkkəb süni intellekt modelləri xarici bulud xidmətlərindən asılı olmadan, ölkə daxilində, təhlükəsiz şəkildə öyrədilsin və idarə edilsin. Bu, həm milli təhlükəsizlik, həm də rəqəmsal suverenlik baxımından strateji addımdır, dövlətə məxsus həssas məlumatlar artıq ölkə sərhədlərini tərk etmədən emal oluna bilir. “Suveren süni intellekt”in inkişafı rəqəmsal müstəqillik, informasiya təhlükəsizliyi və milli təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir və dövlət idarəetməsində səmərəliliyin artırılması, qərarvermə proseslərinin optimallaşdırılması və iqtisadiyyatın şaxələndirilməsi üçün geniş imkanlar yaradır”, - deyə R.Namazov bildirib.
O vurğulayıb ki, süni intellekt vasitəsilə yaradılan təhdidlərin fonunda sadəcə kibermüdafiə deyil, həm də kiberinsidentlərdən sonra sürətli bərpanı nəzərdə tutan rəqəmsal dayanıqlılıq konsepsiyası da əhəmiyyət kəsb edir. Ölkənin artan rəqəmsal asılılığı və mürəkkəb geosiyasi mövqeyi kibertəhlükəsizlik strategiyasının fundamental şəkildə gücləndirilməsini, ixtisaslı kadr hazırlığını və milli səviyyədə risk idarəetmə mexanizmlərinin tətbiqini tələb edir.
ZÜMRÜD