Bəhruz Quliyev: “Rusiya və İran mediasında bu prosesə narahatlıqla yanaşan fikirlərin səslənməsi təsadüfi deyil”
Rusiya və İranda bəzi dairələr Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qurduğu uğurlu əlaqələrdən narahat olmağa başlayıblar. Rusiyalı ekspert Aleksandr Knyazyev "Nevasimaya qazeta"ya müsahibəsində deyib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birləşib, Rusiyadan yan keçən nəqliyyat dəhlizi yaradıb. İranın Tasnim agentliyi isə Orta Dəhlizi Mərkəzi Asiya-İran-Fars körfəzi marşrutuna rəqib hesab edir.
Bunların yadından çıxıb ki, Rusiya Ukraynada, İran da Fars körfəzində paralel müharibə aparır və bu müharibələrin səbəbkarı Azərbaycan, yaxud da Mərkəzi Asiya deyil. Müharibə olan yerdən nəqliyyat dəhlizi keçərmi?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev hesab edir ki, Rusiya və İran mediasında bu prosesə narahatlıqla yanaşan fikirlərin səslənməsi də təsadüfi deyil: “Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə son illərdə qurduğu münasibətlər artıq sadəcə ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq regional və qlobal əhəmiyyət daşımağa başlayıb. Xüsusilə, Orta Dəhlizin inkişafı, Xəzər üzərindən Şərqlə Qərbi birləşdirən nəqliyyat-logistika imkanlarının genişlənməsi Azərbaycanın geosiyasi və geoiqtisadi çəkisini artırır. Son günlər Rusiya və İran mediasında bu prosesə narahatlıqla yanaşan fikirlərin səslənməsi də təsadüfi deyil. Rusiyalı ekspert Aleksandr Knyazyevin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşmasını Rusiyadan yan keçən nəqliyyat xəttinin formalaşması kimi təqdim etməsi əslində Moskvanın regiondakı ənənəvi mövqelərinin dəyişdiyini görməsinin göstəricisidir. Amma burada bir məqamı unutmaq olmaz ki, Azərbaycan hansısa ölkəyə qarşı dəhliz yaratmır. Azərbaycan öz coğrafi imkanlarından istifadə edərək Şərqlə Qərb arasında yeni və təhlükəsiz bağlantılar yaradır. İranın Tasnim agentliyinin Orta Dəhlizi Mərkəzi Asiya–İran–Fars körfəzi marşrutuna rəqib kimi təqdim etməsi də eyni yanaşmanın başqa formasıdır. Halbuki nəqliyyat dəhlizləri bir-birinin düşməni deyil. Əsas məsələ hansı marşrutun daha təhlükəsiz, sabit, etibarlı və səmərəli olmasıdır. Burada çox sadə bir sual ortaya çıxır: "Müharibə olan yerdən etibarlı nəqliyyat dəhlizi keçə bilərmi?" Rusiya Ukraynada müharibə aparır. İran isə regionda hərbi qarşıdurmanın içindədir. Belə şəraitdə sahibkarın, yükdaşıyıcının, beynəlxalq logistika şirkətinin ilk düşündüyü məsələ siyasi ritorika yox, təhlükəsizlikdir. Yük haradan daha təhlükəsiz və maneəsiz keçəcəksə, biznes də təbii olaraq həmin istiqamətə yönələcək”.
Politoloq onu da qeyd etdi ki, Azərbaycanın üstünlüyü də məhz bundadır: “Azərbaycan müharibə yaratmır, əksinə, regionda sabitliyin və kommunikasiyaların bərpasının tərəfdarı kimi çıxış edir. Ölkəmizin Mərkəzi Asiya, Türkiyə, Çin və Avropa ilə nəqliyyat, enerji və iqtisadi əlaqələri genişləndirməsi kiminsə əleyhinə yönəlmiş siyasət deyil. Bu, Azərbaycanın milli maraqlarına və dəyişən dünya iqtisadiyyatının reallıqlarına uyğun siyasətdir. Azərbaycan eyni zamanda həm Şərq-Qərb, həm də Şimal-Cənub bağlantılarında iştirak edən ölkədir. Ona görə də Moskva və Tehrandakı bəzi dairələr bir həqiqəti qəbul etməlidirlər. Azərbaycanın uğuru onların uğursuzluğu demək deyil. Əgər Rusiya və İran öz ərazilərində təhlükəsizliyi və sabitliyi təmin etsələr, onların da nəqliyyat marşrutları üçün imkanları genişlənər. Azərbaycanın Orta Dəhlizdəki fəallığını rəqib kimi görmək əvəzinə, regional əməkdaşlığın bir hissəsi kimi qəbul etmək daha doğru olar. Bu gün dünya yeni nəqliyyat xəritəsi formalaşdırır. Bu xəritədə üstünlük müharibə aparanlara deyil, sülh yaradan, sabitlik təmin edən və etibarlı bağlantılar quran ölkələrə veriləcək. Düşünürəm ki, Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması da məhz bu reallığın nəticəsidir. Bakı artıq təkcə tranzit ölkə deyil, Avrasiya nəqliyyat və logistika sisteminin mühüm aktorlarından birinə çevrilir. Bu prosesin qarşısını təzyiqlə və ittihamlarla almaq mümkün deyil. Bunun yolu yalnız rəqabətə davamlı, təhlükəsiz və sülhə əsaslanan əməkdaşlıqdan keçir”.
Vidadi ORDAHALLI