İsrail Baş naziri Binyamin Netanyahunun ABŞ-ın Florida ştatında yaşayan böyük oğlu Yair Netanyahu İran tərəfindən təşkil edilən sui-qəsdin hədəfi olub.
Amerikanın “Newsmax” kanalının ABŞ təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, İsrail kəşfiyyatı ötən ilin dekabrında Florida ştatının Hallandale Biç şəhərində yaşayan 35 yaşlı Yair Netanyahuya qarşı İranın sui-qəsd planının olduğuna dair məlumat əldə edib.
Mənbə iddia edir ki, İran agentlərindən ibarət sui-qəsd qrupu Mayamidə Baş nazirin oğlunun evini və hərəkətlərini izləyiblər. Bu barədə məlumat əldə edən İsrail ABŞ hakimiyyətini xəbərdar edib, Yairə isə dərhal Mayamidən ayrılmaq tapşırılıb. İddialara görə, bundan sonra Yair əşyalarını belə götürmədən tez-tələsik İsrailə geri göndərilib.
Bir neçə gün əvvəl baş nazir Benyamin Netanyahu "Channel 14"ə verdiyi müsahibədə İranın onun oğullarından birini hədəf aldığını təsdiqləyib, lakin hansı oğlunu hədəf aldığını dəqiqləşdirməyib. İsrailin "Channel 12" kanalı isə sui-qəsd planının mediaya aylardır məlum olduğunu, lakin yayımlanmadan əvvəl İsrail hərbi senzura şurası tərəfindən bloklandığını bildirib.
Bu iddia İsrail ictimai rəyində Netanyahu ailəsinin yüksək təhlükəsizlik xərcləri və dövlət tərəfindən maliyyələşdirilən mühafizəsi ilə bağlı müzakirələrin aparıldığı bir dövrə təsadüf edir. İyul ayında İsrail hökuməti Netanyahunun həyat yoldaşı Sara və oğulları Yair və Avner üçün Şin Bet mühafizəsini uzatmaq qərarına gəlib.
ABŞ Ədliyyə Nazirliyinin və kəşfiyyat hesabatlarına görə, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) 2020-ci ilin yanvar ayında öldürülən Qüds Qüvvələri komandanı Qasım Süleymaninin və 28 fevral 2026-cı ildə öldürülən Ayətullah Əli Xameneinin ölümlərinin qisasını almaq zərurətini əsas gətirərək, ABŞ və İsrailin yüksək vəzifəli rəsmilərini hədəf alan qisas siyahıları hazırlayıb.
Con Bolton, Mayk Pompeo və Donald Tramp kimi şəxsləri hədəfə almaq cəhdlərindən sonra İran dövlət televiziyası bu yaxınlarda Donald Trampın 20 yaşlı oğlu Barron Trampı hədəf alan video yayımlamışdı.
Tahir TAĞIYEV