Hüseyn İbrahimov: “Rusiyanın Zelenskinin sülh çərçivəsini qəbul edəcəyi real görünmür”
Ukrayna prezidenti Volodimir Zelenski Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla birlikdə hazırlanmış və bir səhifədə cəmlənmiş sülh çərçivəsini açıqlayıb.
Sənəd üç əsas bəndi əhatə edir: Atəşkəs əsas element kimi nəzərdə tutulur. ABŞ-ın təklif etdiyi bufer zonasında hər iki tərəf “bərabər şəkildə geri çəkilməli”, həmin ərazidə isə üçüncü tərəfin idarə edəcəyi azad iqtisadi zona yaradılmalıdır. Avropa İttifaqı və NATO-nun hansı addımları atacağı, eləcə də Ukraynanın öz üzərinə götürəcəyi öhdəlikləri müəyyən edən ayrıca çərçivə hazırlanmalıdır.
Zelenski əlavə edib ki, ABŞ tərəfinin Ukrayna ilə hələ paylaşılmamış əlavə ideyaları da var.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən sosioloq Hüseyn İbrahimov hesab edir ki, Rusiyanın bu şərtləri qəbul edəcəyi real görünmür: “Məsələ ondadır ki, Rusiya ümumiyyətlə, hansısa formada geri çəkilmək istəmir. Rusiya tərəfi birmənalı olaraq bəyan edir ki, Ukrayna Luqans və Donetskin yerdə qalan kiçik hissəsindən də çıxmalıdır. Bunun müqabilində Rusiya Zaparoje və Xersonda istiqamətində hər hansı güzəştə getmək istəmir. Nəzərə almaq lazımdır ki, Rusiya adıçəkilən vilayətlərin də özünə birləşdirilməsi ilə bağlı qanunsuz “referendum” keçirib. Bəli, müharibənin davam etdirilməsi hər iki tərəfə, o cümlədən Rusiyaya baha başa gəlib. Son aylar Ukraynanın Rusiyanın daxili ərazilərinə endirdiyi güclü zərbələr bu ölkəyə böyük zərbə vurub. Ancaq bu, Putini hələ ki, güzəştə məcbur edə bilmir. Başqa bir maneə ondan ibarətdir ki, bufer zonası yaradılandan sonra arada hansısa sülhməramlı və atəşkəsə nəzarət edən qüvvələr olmalıdır. Rusiya birmənalı olaraq NATO üzvü olan dövlətlərin qüvvələrinin yerləşməsinə qarşıdır. Bunu onunla əlaqələndirirlər ki, Rusiyanın Ukraynaya hücununun kökündə NATO-nun şərqə doğru genişlənməsi dayanır. Bu səbəbdən istənilən NATO üzvü olan dövlətlərin sülməramlı missiyasına qarsıdılar. Bunu de-fakto NATO-nun Ukraynada mövcudluğu kimi dəyərləndirirlər. Bu səbəbdən Rusiyanın Zelenskinin sülh çərçivəsini qəbul edəcəyi real görünmür”.
Vidadi ORDAHALLI