Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı cinayət işi çərçivəsində keçmiş prezident Serj Sarkisyana da ittiham irəli sürülüb. Bu barədə ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.
Serj Sarkisyan vəzifəli şəxsin hakimiyyət və ya qulluq səlahiyyətlərindən sui-istifadə etmə, səlahiyyət həddini aşmada ittiham olunur. Bundan əvvəl Baş Prokurorluq Robert Köçəryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə cinayət təqibinə başladığını açıqlayıb. Daha doqquz şəxs barəsində də cinayət təqibi başlayıb. Onların arasında Robert Köçəryanın oğlu Sedrak Köçəryan, Serj Sarkisyan, keçmiş baş nazir Andranik Marqaryan, İrəvanın keçmiş meri Qagik Beqlaryan, “Local Developers” MMC-nin iştirakçısı Samvel Mayrapetyan, Kond malikanələri təsərrüfatının direktoru vəzifəsində çalışmış Aramayis Vorskanyan, onun həyat yoldaşı və iki qızı var. “News.am” yazır ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarına ölkənin ikinci prezidenti Robert Köçəryanın və üçüncü prezidenti Serj Sarkisyanın əmlaklarının müsadirə edilməsi ilə bağlı tapşırıq verib. Bunun ardınca Robert Köçəryan və oğlu Sedrak Köçəryan saxlanıb. Ölkənin Antikorrupsiya Komitəsinin iddiasına görə, keçmiş prezident bir sıra qiymətli daşınmaz əmlak obyektlərini dövlət mülkiyyətindən çıxarıb, bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib. Keçmiş prezidentin bunu yaxın adamları ilə əlbir olaraq, vəzifə səlahiyyətlərindən istifadə etməklə müxtəlif saxta əsaslarla həyata keçirdiyi iddia olunur. “News.am”ın yaydığı xəbərdə deyilir ki, əmlakın həqiqi sahibinin, onun cinayət yolu ilə əldə edilməsinin gizlədilməsi məqsədilə həmin əmlak bir-biri ilə əlaqəli şirkətlərin adına rəsmiləşdirilib. Daha sonra əmlak üzərində tikinti aparılıb və satılıb, üçüncü şəxslərə özgəninkiləşdirilib, əmlaka sahib şirkətlərin payları başqa şəxslərə hədiyyə verilib. Məlumatda dəyəri onmilyonlarla dramla ölçülən əmlaklardan söz açılır. Onlardan bəzilərinin keçmiş prezidentin oğlunun adına qeydiyyata salındığı bildirilir.
Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib: “Ermənistanın Antikorrupsiya Komitəsinin araşdırdığı korrupsiya xarakterli cinayət faktları üzrə cinayət işi çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir”. Daha əvvəl baş nazir Nikol Paşinyan parlamentdə “Ermənistan” blokunun deputatı Levon Köçəryanın sualını cavablandırarkən Robert Köçəryanı məhkəməyə verəcəyini bildirmişdi: “Ailəniz niyə milyonçudur? Bu sərvəti haradan əldə etmisiniz? Demək istəyirsiniz ki, milyonlarınız övladlarınıza miras qalacaq. Mən sizə birbaşa deyirəm ki, bu baş verməyəcək. Bu, şəxsi məsələ deyil, siyasi məsələdir. Bunun hər bir hissəsi Ermənistan Respublikasına qaytarılmalıdır". Köçəryan isə cavabında deyib ki, nəyin kimə qaytarılacağına ölkənin birinci şəxsi yox, məhkəmə qərar verməlidir.
Ermənistanda 7 iyun parlament seçkilərində Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49.7 faiz, milyarder Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23.2 faizini, Köçəryanın "Hayastan" alyansı isə 9.9 faizini toplayıb. Digər milyarder Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası 3.9 faiz səs qazanaraq parlamentə düşə bilməyib. Baş nazir Paşinyan demişdi ki, "xalq üçbaşlı mafiyanı diz çökdürməyi və məhv etməyi tələb edir". İyunun 15-də Robert Köçəryanı Ermənistandan buraxmamışdılar. İyulun 7-də isə məhkəmə müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri, milyarder Qaqik Tsarukyan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. O, irimiqyaslı dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur. Tsarukyanın tərəfdarlarına görə, hüquq-mühafizə qurumları baş nazir Paşinyanın şəxsi göstərişi ilə hərəkət edir. Gözlənilir ki, Samvel Karapetyan da tezliklə yenidən həbsə atılacaq.
Samirə SƏFƏROVA