Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi üçün Antikorrupsiya Məhkəməsinə vəsatət verilib.
Məhkəmənin onun barəsində həbs qərarının verilməsi barədə vəsatətə yaxın saatlarda baxacağı bildirilir.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, Köçəryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqda ittiham olunur.
Qeyd edək ki, avqustun 26-da Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki ay müddətinə həbs edilib. Avqustun 25-də Robert Köçəryana və ailəsinə məxsus ünvanlarda axtarışlar aparılıb, daha sonra Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Komitə cinayət işi üzrə istintaq çərçivəsində altı nəfərin, o cümlədən keçmiş prezident, oğlu və cinayətkar sxemlərdə iştirak edən digər şəxslərin saxlanıldığını bildirib.
Daha sonra Ermənistan Baş Prokurorluğu avqustun 24-də ikinci prezident Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı üç, xüsusilə böyük miqdarda rüşvət alma ilə bağlı iki və xüsusilə böyük miqdarda çirkli pulların yuyulması ilə bağlı dörd maddə üzrə cinayət işi açdığını açıqlayıb.
Prokurorluq bildirib ki, daha doqquz şəxsə, o cümlədən oğlu Sedrak Köçəryana, keçmiş müdafiə naziri Serj Sarkisyan, keçmiş baş nazir Andranik Marqaryana, İrəvanın keçmiş meri Qaqik Beqlaryana və digər şəxslərə qarşı cinayət işi başlanıb.
Tahir TAĞIYEV